ABŞ “Qiyamət Günü” təyyarəsi üçün 984 milyon dollar ayırıb

2026/06/1782497374.jpg
Oxunub: 200     22:06     26 İyun 2026    
ABŞ Müharibə Nazirliyi (Pentaqon) nüvə müharibəsi zamanı hava komanda məntəqəsi kimi istifadə olunan E-4B “Qiyamət Günü” təyyarələrinin modernləşdirilməsi və texniki xidmətinin göstərilməsi üçün 984 milyon dollar dəyərində yeni müqavilə imzalayıb.

Ordu.az xəbər verir ki, Pentaqonun rəsmi açıqlamasında “Strategic Mission Systems” şirkəti ilə E-4B təyyarələrinin texniki xidməti və modernləşdirilməsini əhatə edən, maksimal dəyəri 984 milyon dollar olan qeyri-müəyyən təhvil şərtli müqavilənin imzalandığı bildirilib.

Layihə çərçivəsində işlərin 2037-ci il iyunun 24-dək başa çatdırılması planlaşdırılır.

ABŞ Hərbi Hava Qüvvələri mövcud E-4B parkının istismar müddətinin başa çatması səbəbindən yaxın vaxtlarda yeni nəsil E-4C “Qiyamət Günü” təyyarələrinin hazırlanması istiqamətində də addımlar atıb.

Məlumata görə, Pentaqon mövcud təyyarələri əvəz edəcək E-4C proqramı üçün 2 milyard 200 milyon dollar büdcə ayrılmasını da istəyib. E-4B təyyarələri mümkün nüvə müharibəsi, qlobal münaqişə və ya yerdəki komanda mərkəzlərinin məhv edilməsi halında havada mobil qərargah funksiyasını yerinə yetirir.

Nüvə partlayışının yaratdığı yüksək temperatur və elektromaqnit impulslarından tam qorunan bu təyyarələr ABŞ Prezidenti, müdafiə naziri və yüksək rütbəli hərbi rəhbərliyə nüvə silahları da daxil olmaqla bütün ABŞ ordusunu havadan idarə etmək imkanı verir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Qiyamət-Günü  


Bizi "telegram"da izləyin