“SpaceX” ABŞ-də “Starlink” mobil şəbəkəsini istehlak bazarına çıxarmağı planlaşdırır

2026/05/1780112510.jpg
Oxunub: 213     16:29     26 İyun 2026    
İlon Maska məxsus “SpaceX” şirkəti “Starlink” mobil rabitə xidmətini ABŞ istehlak bazarında istifadəyə verməyi planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə “Financial Times” qəzeti məlumat yayıb.

Nəşrin məlumatına görə, “SpaceX”in prezidenti Qvin Şotvell IPO çərçivəsində keçirilən son təqdimat zamanı investorlara bildirib ki, şirkət “Starlink”in pərakəndə məhsul kimi istifadəyə verilməsi imkanını nəzərdən keçirir və ABŞ-də özünə məxsus yerüstü mobil rabitə şəbəkəsi qura bilər.

Hazırda şirkət ABŞ-də “T-Mobile” vasitəsilə birbaşa peyk-mobil rabitə xidməti təqdim edir və kosmosdan əlavə əhatə dairəsi yaradaraq ucqar bölgələrdə internetə çıxışı genişləndirir.

Şirkət ABŞ-də peyk qruplaşması ilə birlikdə işləyəcək mobil rabitə qüllələrinin yerüstü şəbəkəsini qurmağı planlaşdırır.

Ötən ilin payızında “SpaceX” təxminən 20 milyard dollar qarşılığında “EchoStar” şirkətindən “Starlink” üçün simsiz tezliklərdən istifadə lisenziyalarını əldə edib. Bu addım şirkətə “EchoStar”ın radio tezliklərindən istifadə etməklə birbaşa mobil rabitə xidmətini sürətlə inkişaf etdirməyə imkan verib.

Hazırda “Starlink” peyk interneti bütün dünyada 10 milyondan çox abunəçiyə xidmət göstərir. Mütəxəssislər mobil rabitə bazarına daxil olmağı şirkətin tarixindəki ən böyük kommersiya genişlənmələrindən biri hesab edirlər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SpaceX   Starlink   ABŞ  


Bizi "telegram"da izləyin