ABŞ Ermənistanın faydalı qazıntılarının kəşfiyyatına icazə alacaq? – Minerallardan müdafiə sənayesində istifadə olunacaq

2026/06/1782465400.jpg
Oxunub: 258     13:15     26 İyun 2026    
Ermənistan ilə ABŞ arasında kritik mineralların və nadir faydalı qazıntıların hasilatı, emalı və tədarükünün təmin edilməsinə dair çərçivə memorandumunun imzalanmasından bir ay keçməsinə baxmayaraq, Ermənistan tərəfi sənəddə nəzərdə tutulan müddəaların icrası istiqamətində görülən işləri açıqlamır.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “News.am” nəşri yazıb.

Nəşr hələ iyunun 2-də Ermənistanın Ərazi İdarəetmə və İnfrastruktur Nazirliyinə rəsmi sorğu göndərərək memorandumla bağlı ictimaiyyəti maraqlandıran bir sıra suallar ünvanlayıb.

Sorğuda ABŞ tərəfinin dövlət qurumları və ya özəl şirkətlər vasitəsilə faydalı qazıntı yataqlarının axtarışı, geoloji kəşfiyyatı və qiymətləndirilməsi məqsədilə Ermənistan ərazisində yerin təkinin öyrənilməsinə icazə almaq üçün nazirliyə müraciət edib-etmədiyi soruşulub. Müsbət cavab olacağı təqdirdə hansı ərazilər və ya yataqların nəzərdə tutulduğu barədə məlumat istənilib.

Bundan əlavə, ABŞ tərəfi və ya onunla əlaqəli təşkilatların istismar olunan yataqlarda əlavə geoloji kəşfiyyat işləri aparmaq üçün müraciət edib-etmədiyi, əlavə faydalı qazıntı ehtiyatlarının aşkarlanması, onların həcmi və keyfiyyətinin dəqiqləşdirilməsi məqsədilə hansı addımların atıldığı barədə də sorğular ünvanlanıb.

“News.am” həmçinin ABŞ tərəfinin daha çox hansı faydalı qazıntılara və nadir elementlərə, yəni litium, molibden, mis və digər minerallara maraq göstərdiyini, memorandum çərçivəsində nadir elementlərin qiymətləndirilməsi və investisiya layihələrinin hazırlanması üçün birgə işçi qrupunun yaradılıb-yaradılmayacağını, eləcə də memorandumun praktiki icrasına nə vaxt başlanacağı barədə məlumat istəyib.

Nazirlik cavabında bildirib ki, imzalanmış memorandum iki ölkə arasında bu istiqamətdə əməkdaşlığın dərinləşdirilməsinə marağı əks etdirir və əməkdaşlığın ümumi çərçivəsini müəyyən edir.

Qurum qeyd edib ki, memorandum və onun məqsədləri barədə ictimaiyyətə artıq məlumat verilib. Həmçinin vurğulanıb ki, sənəd çərçivəsində konkret layihələrin həyata keçirilməsi ilə bağlı ictimaiyyət zərurət yarandıqca məlumatlandırılacaq.

“Baş nazir Nikol Paşinyan da daha əvvəl jurnalistlərə açıqlamasında memorandum çərçivəsində Ermənistanın yeraltı sərvətlərinin öyrənilməsinə toxunaraq bildirib ki, əvvəllər maraq doğurmayan bəzi minerallar bu gün iqtisadiyyat, istehsal, sənaye, süni zəka və yüksək texnologiyalı məhsulların hazırlanması baxımından böyük əhəmiyyət daşıyır.

Paşinyan qeyd edib ki, memorandumda Ermənistanın geoloji xidmətlərinin imkanlarının inkişaf etdirilməsindən bəhs olunur. Onun sözlərinə görə, hazırda yeraltı sərvətlərin öyrənilməsi yalnız qazma üsulu ilə deyil, kosmik texnologiyalar vasitəsilə də həyata keçirilir və bu əməkdaşlıq çərçivəsində ABŞ ilə birlikdə Ermənistanın yeni geoloji xəritəsinin hazırlanması üzərində işlənəcək.

Baş nazir əlavə edib ki, bəzi faydalı qazıntılar və minerallar 50 il əvvəl sənaye baxımından maraq doğurmadığı üçün onların mövcudluğu kifayət qədər araşdırılmayıb”, - deyə nəşr bildirib.

“News.am” vurğulayır ki, nə nazirliyin rəsmi cavabında, nə də Paşinyanın çıxışında ünvanlanan əsas suallara konkret cavab verilməyib.

“Memorandumun mətnindən yalnız məlum olur ki, sənədin imzalanmasından sonrakı altı ay ərzində tərəflər hər iki ölkədə həyata keçiriləcək layihələr üçün mümkün maliyyələşdirmə mexanizmlərini araşdırmaq niyyətindədir. Bu layihələrin nəticəsində ABŞ və Ermənistan alıcılarına təqdim olunacaq son məhsulların istehsalı nəzərdə tutulur.

Söhbət hər iki ölkənin istehsal və müdafiə sənayesi üçün mühüm əhəmiyyət kəsb edən faydalı qazıntıların tədarükündən gedir. Ermənistan yeraltı sərvətləri molibden və mislə zəngindir. Nadir elementlər sırasında isə renium, selenium, tellur, bismut, eləcə də böyük maraq doğuran litium yer alır. Bu elementlər yüksək texnologiyalar və müdafiə sənayesi üçün həyati əhəmiyyət daşısa da, onların real ehtiyatları barədə rəsmi və dəqiq məlumat yoxdur”, - deyə nəşr bildirib.

Məqalədə qeyd edilir ki, ABŞ tərəfinin konkret hansı faydalı qazıntılara maraq göstərdiyi dəqiqləşdirilmədiyi müddətdə bu strateji razılaşmanın iqtisadi, ekoloji və geosiyasi baxımdan real dəyəri ciddi suallar doğurur.

“Vaşinqtonun Ermənistanın yeraltı sərvətlərindən gözləntilərinin doğrulub-doğrulmayacağını zaman göstərəcək. Bununla yanaşı, əsas sual Ermənistanın öz yeraltı sərvətlərini ABŞ-nin müdafiə sənayesi üçün təqdim etməsinin ölkənin təhlükəsizliyi baxımından hansı qiymətə başa gələcəyidir”, - deyə müəllif vurğulayıb.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Ermənistan  


Bizi "telegram"da izləyin