NATO-nun ilk hərbi 5G şəbəkəsi İspaniya tərəfindən istifadəyə verilib

2026/06/1782309494.jpg
Oxunub: 240     17:56     24 İyun 2026    
İspaniya Slovakiyadakı NATO missiyası çərçivəsində yerli imkanlarla hazırlanmış ilk daşına bilən hərbi taktiki 5G şəbəkəsini uğurla istifadəyə verib.

Ordu.az xəbər verir ki, bu barədə İspaniya Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, Slovakiyanın Leşt Hərbi Təlim Mərkəzində ATIKA layihəsi çərçivəsində yaradılmış “5G/xG Texnologiyaları Nəzarətli Təcrübə Mərkəzi” əməliyyat istifadəsinə verilib.

Layihə İspaniyanın Birləşmiş Kibermüdafiə Komandanlığı və Texniki Dəstək Xidmətləri tərəfindən dəstəklənib. Sistem tamamilə İspaniyada hazırlanmış ilk xüsusi və daşına bilən hərbi 5G şəbəkəsi hesab olunur.

İspaniyanın “Atika Technologies” şirkəti tərəfindən hazırlanan bu infrastruktur qoşun bölmələrinə yüksək tutumlu və tam müstəqil rabitə imkanı yaradır.

Mütəxəssislərin fikrincə, bu addım NATO-nun şərq cinahında fəaliyyət göstərən çoxmillətli döyüş briqadası üçün yeni komanda-idarəetmə standartı formalaşdırır.

Qeyd edək ki, İspaniya 2024-cü il iyulun 1-dən etibarən NATO-nun şərq cinahında yerləşdirilmiş çoxmillətli döyüş qrupuna rəhbərlik edir. Slovakiya, Sloveniya, Portuqaliya və Çexiya da bu strukturun fəaliyyətinə dəstək verir.

Yeni sistem hərbi hissələrin mülki rabitə şəbəkələrindən və kommersiya bulud xidmətlərindən asılılığını aradan qaldırır.

Daşına bilən çanta daxilində yerləşdirilmiş 5G şəbəkə nüvəsinə əsaslanan sistem lazım gəldikdə əməliyyat serverləri və taktiki tətbiqləri daşıyan ikinci modul ilə inteqrasiya oluna bilir.

Bu imkanlar yeni nəsil C5ISR (komanda, idarəetmə, rabitə, kompüter sistemləri, kibermüdafiə, kəşfiyyat, müşahidə və hədəf aşkarlama) həllərinin birbaşa sahədə sınaqdan keçirilməsinə və istifadəsinə şərait yaradır.

İspaniya Ordusunun Kibermüdafiə Komandanlığının nümayəndəsi, polkovnik-leytenant Xesus Aparisio bildirib ki, məqsəd taktiki şəraitdə sürətlə yerləşdirilə bilən, mülki infrastruktura ehtiyac duymayan və qoşunların öz rabitə sistemini yaratmasına imkan verən xüsusi 5G şəbəkəsinin qurulmasıdır.

“Atika Technologies” şirkətinin mütəxəssisi Gilyermo Sans isə qeyd edib ki, sistem “qoş və işə sal” prinsipi ilə cəmi üç dəqiqə ərzində rabitə əhatə dairəsi yarada bilir.

Onun sözlərinə görə, istifadə olunan anten növündən asılı olaraq sistemin fəaliyyət radiusu 1 kilometrə qədər çatsa da, taktiki səbəblərlə bu məsafə 400-500 metr arasında saxlanılır.

Həmçinin ötürmə gücü qəsdən aşağı səviyyədə müəyyənləşdirilib ki, düşmən tərəfindən aşkarlanma riski minimuma endirilsin.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: NATO   5G   İspaniya  


Bizi "telegram"da izləyin