Ordu.az xəbər verir ki, bu barədə “Mehr” agentliyi məlumat yayıb.
Qurumun rəhbəri Pirhüseyn Kolivənd Malayziyanın “Mercy” humanitar təşkilatının nümayəndələri ilə görüşündə bildirib ki, münaqişə zamanı Qırmızı Aypara əməkdaşları 6 minə yaxın xilasetmə əməliyyatı həyata keçiriblər.
Onun sözlərinə görə, dağıntılar altından 7250 nəfər sağ çıxarılıb, təxminən 10 min yaralıya yerində yardım göstərilib, həmçinin bütün həlak olanların meyitləri tapılıb və təxliyə edilib.
Kolivənd qeyd edib ki, mülki infrastruktur ciddi zərər görüb.
İran tərəfinin məlumatına görə, ümumilikdə 149 min 528 qeyri-hərbi obyekt hücuma məruz qalıb. Bunların arasında 123 min 647 yaşayış binası, 24 min 450 kommersiya obyekti, 350 tibb və sanitariya müəssisəsi, eləcə də Qırmızı Ayparaya məxsus 56 obyekt var.
Qurum rəhbəri əlavə edib ki, beynəlxalq humanitar hüququn pozulması ilə bağlı iddialar sənədləşdirilib və bu məsələ ilə əlaqədar beynəlxalq təşkilatlara və aidiyyəti qurumlara 35 şikayət göndərilib.
Bununla yanaşı, İran rəsmi şəkildə beynəlxalq yardım istəməsə də, 18 ölkə və beynəlxalq təşkilat ölkəyə humanitar yardım göndərib.
Sevinc Əliyeva
Ordu.az