İran razılaşmaya ciddi yanaşma şərti ilə ABŞ ilə dialoqu davam etdirməyə hazırdır

2026/06/1781943407.jpg
Oxunub: 178     12:12     20 İyun 2026    
Tehran Vaşinqtonla diplomatik prosesi yalnız ABŞ-nin razılaşmanın icrasına ciddi yanaşacağı və İsrailin də Anlaşma Memorandumunun şərtlərinə əməl etməsinə təminat verəcəyi təqdirdə davam etdirməyə hazır olduğunu bildirib.

Ordu.az xəbər verir ki, İranın xarici işlər nazirinin müavini Səid Xətibzadə “Al Jazeera” telekanalına müsahibəsində bu barədə danışıb.

Onun sözlərinə görə, Tehran qarşı tərəfin də eyni ciddiyyəti nümayiş etdirməsi halında mərhələli şəkildə irəliləməyə hazırdır.

“Əgər qarşı tərəf də eyni ciddiyyəti nümayiş etdirsə, biz addım-addım irəliləməyə hazırıq”, - deyə Xətibzadə bildirib.

Bu açıqlamalar ABŞ və İran arasında İsveçrədə keçirilməsi planlaşdırılan danışıqların ləğv edilməsindən sonra səsləndirilib.

Müsahibə zamanı Xətibzadə İsrailin Livana qarşı son hücumlarını da pisləyib və vurğulayıb ki, İsrailin müharibəni davam etdirməsi “ağır və qaçılmaz nəticələrə” gətirib çıxaracaq.

O qeyd edib ki, İran Qəzza da daxil olmaqla bütün cəbhələrdə sülhün bərqərar olmasına çalışır. Xətibzadə Livanın münaqişə ilə birbaşa əlaqəsi səbəbindən Anlaşma Memorandumuna daxil edildiyini də izah edib.

Anlaşma Memorandumunun birinci maddəsində Livanda müharibənin dayandırılmasının bütün cəbhələrdə atəşkəsin təmin olunmasını nəzərdə tutan daha geniş razılaşmanın ayrılmaz hissəsi olduğu açıq şəkildə qeyd edilir.

“İşğal dayandırılmayana və İsrail beynəlxalq hüququn normalarına tabe olmayana qədər Livanda və bütövlükdə regionda sülh və sabitlik olmayacaq”, - deyə Xətibzadə vurğulayıb.

Hörmüz boğazına toxunan iranlı diplomat bildirib ki, Tehran Omanla koordinasiyalı şəkildə və beynəlxalq hüquqa uyğun olaraq gəmiçilik xidmətlərini davam etdirəcək.

O əlavə edib ki, İran razılaşmada nəzərdə tutulan 60 günlük müddət ərzində boğazdan keçid üçün ödəniş tələb etməyəcək. Bununla yanaşı, həmin müddətdən sonra su yolunun idarə olunması üçün yeni mexanizmin tətbiq ediləcəyini və bunun region ölkələrinə təqdim olunacağını bildirib.

Xətibzadə gələcəkdə imzalanacaq istənilən razılaşmanın İranın bütün dondurulmuş aktivlərinin blokdan çıxarılmasını da əhatə etməli olduğunu qeyd edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   ABŞ   Dialoq  


Bizi "telegram"da izləyin