İsrail qüvvələri Livanın cənubuna yeni zərbələr endirib, azı beş nəfər həlak olub

2026/06/1781796311.jpg
Oxunub: 266     12:21     20 İyun 2026    
Mövcud atəşkəs rejiminə baxmayaraq, Livanın cənubunda İsrailin hücumları gecə və səhər saatlarında da davam edib.

Ordu.az xəbər verir ki, bu barədə Livanın dövlət xəbər agentliyi NNA məlumat yayıb.

Agentliyin məlumatına görə, Cənubi Livanın bir sıra yaşayış məntəqələrinə endirilən zərbələr nəticəsində ölən və yaralananlar var.

Bildirilib ki, Ərəb Salim kəndində həyata keçirilən iki mərhələli hücum nəticəsində üç nəfər həlak olub. Deyr əz-Zəhrani bələdiyyəsi istiqamətində təşkil edilən hücum zamanı daha bir nəfər ölüb. Həmçinin Duvayr kəndinin şərq girişində motosikletə pilotsuz uçuş aparatı zərbəsi endirilməsi nəticəsində bir nəfərin həlak olduğu qeyd olunub.

Məlumata görə, Ən-Nümeyriyyə kəndinə endirilən hava zərbəsi nəticəsində bir neçə yaşayış evi dağıdılıb. NNA-nın məlumatına əsasən, İsrail aviasiyası Kəfr Quz yaşayış məntəqəsinə də zərbələr endirib, nəticədə bir yaşayış binası məhv edilib, yarım saat keçməmiş daha bir tikili vurulub.

Əlavə hava zərbələri Kəfr Riman, Nəbatiyyə əl-Fauka, Şukin, Həbbuş, Zibdin, Səcd və Mahmudiyyə rayonları və kəndlərinə də endirilib.

Ayrıca bildirilib ki, İsrailə məxsus pilotsuz uçuş aparatı Nəbatiyyə şəhərinin Rəhbatə məhəlləsinə və onun ətrafına zərbə endirib.

Dağıntıların miqyası və mümkün əlavə itkilərlə bağlı məlumatlar dəqiqləşdirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   Livan  


Bizi "telegram"da izləyin