İrana qarşı müharibədən sonra İraqda neft hasilatı təxminən 60 faiz azalıb

2026/06/1781944116.jpg
Oxunub: 188     12:28     20 İyun 2026    
İraq hökuməti yaxın bir-iki ay ərzində ölkədə neft hasilatının əvvəlki səviyyəyə qaytarılmasını planlaşdırır.

Ordu.az xəbər verir ki, bu barədə İraq Xəbər Agentliyi (INA) İraq Neft Nazirliyinin rəsmi nümayəndəsi Səlim Fərhudiyə istinadən məlumat yayıb.

Onun sözlərinə görə, ABŞ və İsrailin İrana qarşı apardığı müharibənin nəticələri səbəbindən ölkədə neft hasilatı təxminən 60 faiz azalıb. Belə ki, gündəlik hasilat 3,3 milyon bareldən təxminən 1,3 milyon barelə enib.

Fərhudi bildirib ki, ixracın tam bərpası ilə bağlı konkret müddət demək hələlik mümkün deyil. Çünki ölkənin müxtəlif bölgələrində yerləşən yataqların və istehsal güclərinin vəziyyəti fərqlidir. Bununla belə, onun sözlərinə görə, bərpa işlərinə artıq başlanılıb.

“Bir-iki ay ərzində hasilatın əvvəlki səviyyəsinə qayıtmaq imkanımız var. Bu göstərici cənub yataqlarında gündəlik üç milyon bareldən çoxdur”, - deyə o bildirib.

İraq dünyada ən böyük neft istehsalçıları və ixracatçıları sırasında qalmaqda davam edir. Rəsmi məlumatlara əsasən, ölkənin təsdiqlənmiş neft ehtiyatları təxminən 145 milyard barel həcmində qiymətləndirilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İraq   İran  


Bizi "telegram"da izləyin