Afrika və Karib hövzəsi ölkələri transatlantik qul ticarətinə görə üzrxahlıq və təzminat tələb edib

2026/06/1781943445.jpg
Oxunub: 180     12:15     20 İyun 2026    
Afrika və Karib hövzəsi ölkələri transatlantik qul ticarəti hesabına varlanan dövlətlərdən rəsmi üzrxahlıq və təzminat ödənilməsini tələb ediblər.

Ordu.az xəbər verir ki, bu barədə “BBC News” məlumat yayıb.

Tələblər Qanada keçirilən və kompensasiya ədaləti ideyasının təşviqinə həsr olunan üç günlük konfransın yekununda səsləndirilib.

Təşəbbüs bu ilin mart ayında BMT Baş Assambleyasının transatlantik qul ticarətini “bəşəriyyətə qarşı törədilmiş ən ağır cinayət” kimi qiymətləndirən qətnamə qəbul etməsindən sonra yeni təkan qazanıb. Sənəddə BMT-yə üzv dövlətlər reparasiya fondunun yaradılmasına töhfə verməyə çağırılır.

Tarixi məlumatlara görə, XV-XIX əsrlər ərzində Afrikadan zorla çıxarılan və Amerikada kölə kimi satılan kişi, qadın və uşaqların sayı təxminən 12-15 milyon nəfər olub.

Qananın paytaxtı Akrada keçirilən konfrans çərçivəsində reparasiyalarla bağlı “növbəti addımlar”ı əhatə edən 19 maddəlik proqram təsdiqlənib. Proqram borcların silinməsi, talan edilmiş mədəni sərvətlərin qaytarılması və qlobal reparasiya fondunun yaradılması kimi tədbirləri nəzərdə tutur. Sənəddə mümkün ödənişlərin konkret məbləği göstərilməyib.

Konfrans iştirakçıları qul ticarətində iştirak etmiş ölkələri “tam, rəsmi və qeyd-şərtsiz üzr istəməyə” çağırıblar.

Qana Prezidenti Con Dramani Mahama bildirib: “Tarix bizdən günahı miras almağı tələb etmir, lakin məsuliyyəti üzərimizə götürməyi tələb edir”.

Fransa Prezidenti Emmanuel Makron konfrans iştirakçılarına videomüraciətində bildirib ki, kölə edilmiş insanlar “şəxsiyyətlərindən məhrum edilərək əmtəəyə çevriliblər”. Bununla yanaşı, o vurğulayıb ki, reparasiyalar yalnız maliyyə kompensasiyası ilə məhdudlaşmamalı və “tarixin səhifəsini bağlayan çek” kimi qəbul edilməməlidir.

Mart ayında BMT Baş Assambleyası müvafiq qətnaməni 123 lehinə səslə qəbul edib. Qətnamənin əleyhinə yalnız ABŞ, İsrail və Argentina səs verib. Böyük Britaniya və Avropa İttifaqı ölkələri də daxil olmaqla daha 52 dövlət bitərəf qalıb. Sənəd məcburi deyil, tövsiyə xarakteri daşıyır.

ABŞ və Böyük Britaniya daha əvvəl təzminat ödənilməsi ideyasını dəstəkləmədiklərini bildiriblər. Onlar bunu müasir dövlətlərin və institutların tamamilə fərqli tarixi və hüquqi şəraitdə törədilmiş cinayətlərə görə hüquqi məsuliyyət daşıya bilməyəcəyi ilə əsaslandırıblar.

Qeyd olunub ki, XIX əsrdə köləliyin ləğvindən sonra Böyük Britaniya kompensasiyanı azad edilmiş insanlara deyil, qul sahiblərinə ödəyib. Müasir hesablamalara görə, həmin məbləğ 21 milyard ABŞ dollarını ötür.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Afrika   Karib  


Bizi "telegram"da izləyin