Ordu.az xəbər verir ki, bunu erməni iqtisadçı Hrayr Kamendatyan deyib.
Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan parlamentdə çıxışı zamanı bildirib ki, 2025-ci ildə yoxsulluq və işsizlik səviyyəsi azalıb, orta əməkhaqqı isə artıb. Onun sözlərinə görə, 2021-ci illə müqayisədə istehlak qiymətləri cəmi 14,8 faiz artıb ki, bu da real ifadədə orta əməkhaqqının təxminən 30 faiz yüksəlməsi deməkdir.
Lakin erməni iqtisadçı rəsmi statistikaya inanmadığını bildirib.
“Bunların hamısı saxta göstəricilərdir, sadəcə saxtadır. İstənilən ticarət obyektinə gedin, alış-veriş edin və görəcəksiniz ki, bu insanlar sadəcə yalan danışırlar. Bir nümunə çəkim: keçən il mal əti təxminən 4000-4500 dram idi, indi isə 7000 drama satılır.
Əməkhaqları ilə bağlı bütün rəqəmlər də süni şəkildə formalaşdırılıb. Əgər müstəqil audit keçirilsə, Skandinaviya ölkələrindən mütəxəssislər gəlib cəmi bir-iki həftə araşdırma aparsalar, bu çılpaqlıq və yalan dərhal üzə çıxacaq”, - deyə Kamendatyan bildirib.
O, xüsusilə ÜDM-in azalması ehtimalına diqqət çəkərək hazırkı mərhələdə inflyasiya ilə bağlı optimist qiymətləndirmələrin obyektiv olmadığını vurğulayıb.
“Hamının qorxduğu azalma Rusiya Federasiyası və Belarusa ixrac olunan təxminən 2-2,5 milyard dollarlıq kənd təsərrüfatı məhsullarının bazarını itirməklə bağlıdır. Sinqapura, Bolqarıstana məhsul göndərilməsi ilə bağlı deyilənlər isə nağıldır.
Təxminən 2,5 milyard dollarlıq məhsul ixrac edilməyəcək. Onun bir hissəsini konservləşdirmə yolu ilə və zavodların köməyi ilə müəyyən qədər kompensasiya etmək mümkün olsa da, həmin konservləşdirilmiş məhsulların da Avropa İttifaqında nə gözləyən var, nə də onların sertifikatlaşdırılması baş tutacaq. Bunlar sadəcə insanları aldadırlar.
Həmin 2,5 milyard dollar isə istehsalçılar və onlarla əlaqəli şəxslərlə birlikdə böyük həcmdə vergi gəlirləri yaradırdı. Dövlət büdcəsi artıq həmin vergiləri əldə etməyəcək. Bundan əlavə, böyük istixana təsərrüfatlarına kredit vermiş sığorta şirkətləri və banklar da risk zonasına düşəcəklər.
Bütün bunları müzakirə etməmək, əvəzində isə kəmər sıxma siyasəti şəraitində hansısa inflyasiya göstəricilərindən danışmaq sadəcə həyasızlıqdır”, - deyə o qeyd edib.
Erməni iqtisadçıdan sərtləşdirilən vergi siyasətinin bu vəziyyəti yumşaldıb-yumşaltmayacağı soruşulduqda o bildirib ki, belə addımlar əksinə problemləri daha da dərinləşdirəcək.
“Belə şəraitdə istehsalçılara daha çox kömək etmək, subsidiyalar vermək, kredit faizləri ilə bağlı onlara dəstək olmaq lazımdır. Amma bunun əvəzinə bu insanlar vergiləri artırırlar”, - deyə Kamendatyan vurğulayıb.
Qeyd edək ki, Ermənistanın maliyyə naziri Vahe Hovhannisyan 2025-ci il dövlət büdcəsinin icrası ilə bağlı hesabatı təqdim edərkən bildirib ki, 2025-ci ildə işsizlik səviyyəsi 0,6 faiz bəndi azalaraq 12,8 faizə düşüb. Onun sözlərinə görə, 2021-ci illə müqayisədə orta aylıq nominal əməkhaqqı 48,6 faiz, muzdlu işçilərin sayı 22,4 faiz artıb, işsizlik səviyyəsi isə 2,7 faiz bəndi azalıb.
Alpər Mövludoğlu
Ordu.az