Qara dənizdə PUA hücumu nəticəsində Panama bayrağı altında üzən gəminin ekipaj üzvü həlak olub

2026/06/1781944053.jpg
Oxunub: 187     12:25     20 İyun 2026    
Qara dənizdə pilotsuz uçuş aparatı hücumu nəticəsində Panama bayrağı altında üzən ticarət gəmisinin bir ekipaj üzvü həlak olub, daha iki nəfər yaralanıb.

Ordu.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Panama Dəniz Administrasiyasına istinadən məlumat yayıb.

Qurumun məlumatına görə, hadisə cümə axşamı günü baş verib. Yaralanan dənizçilərdən birinin vəziyyətinin ağır olduğu bildirilir. Gəmi aldığı zədələrə baxmayaraq, müəyyən olunmuş marşrut üzrə hərəkətini davam etdirib.

Panama hakimiyyəti rəsmi məlumatların toplanması üçün müvafiq prosedurların işə salındığını və hadisə ilə əlaqəli bütün tərəflərlə əlaqə saxlanıldığını açıqlayıb.

Bununla yanaşı, məlumatda hücumun hansı tərəf tərəfindən həyata keçirildiyi dəqiqləşdirilməyib. Bununla belə, qurum gəmilərə Qara dənizdə Ukrayna və Rusiya sularından, həmçinin Azov dənizinin akvatoriyasından keçən marşrutlardan yayınmağı tövsiyə edib.

Panama dünyada ən böyük gəmi qeydiyyatı reyestrinə sahib ölkədir. Dünya ticarət donanmasının təxminən 16 faizi bu ölkənin bayrağı altında fəaliyyət göstərir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Qara-dəniz   PUA  


Bizi "telegram"da izləyin