MKE TOLGA Macarıstanın KATICA platformasına inteqrasiya edilib

2026/06/1781597197.jpg
Oxunub: 275     12:04     16 İyun 2026    
SAHA 2026 çərçivəsində Macarıstanın “HT Division” şirkəti ilə imzalanmış anlaşma memorandumuna uyğun olaraq MKE TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminin şirkət tərəfindən hazırlanmış 6x6 təkər formuluna malik KATICA insansız quru platformasına inteqrasiya prosesi sürətlə həyata keçirilib.

Ordu.az xəbər verir ki, əməkdaşlığın ilk mərhələsində TOLGA sisteminin tərkibində yer alan 20 mm çaplı silah sistemi Macarıstan istehsalı olan insansız quru platformasına uğurla inteqrasiya olunub.

Yaranmış yeni platformanın təqdimatı Fransanın paytaxtı Parisdə keçirilən və Avropanın ən nüfuzlu müdafiə sənayesi sərgilərindən biri hesab olunan “Eurosatory 2026” sərgisində baş tutub.

Beləliklə, MKE-nin yerli və milli texnologiyaları Avropa müdafiə ekosisteminin aparıcı nümayəndələrinə təqdim edilərək beynəlxalq ictimaiyyətə nümayiş etdirilib.

Bütün silah sistemləri inteqrasiya olunacaq

“HT Division” ilə həyata keçirilən əməkdaşlıq yalnız 20 mm çaplı silah sistemi ilə məhdudlaşmayacaq.

Növbəti mərhələdə MKE TOLGA Yaxın Hava Hücumundan Müdafiə Sisteminin tərkibində yer alan 12,7 mm çaplı silah qülləsi, ENFAL-17 raketi, lazer silah sistemi, akustik aşkarlama sistemi və “jammer” avadanlıqlarının da insansız quru platformalarına inteqrasiyası həyata keçiriləcək.

Razılaşma həmçinin birgə mühəndislik fəaliyyətlərini, sistem uyğunlaşdırma işlərini və texniki heyətin hazırlığını da əhatə edir.

TOLGA hansı ölkələrə ixrac edilib?

MKE 2026-cı ilin əvvəlində Qətər, Səudiyyə Ərəbistanı və Misirlə TOLGA sisteminin birgə istehsalı və ixracı üzrə mühüm əməkdaşlıq razılaşmaları imzalayıb.

Macarıstanla həyata keçirilən bu layihə sayəsində TOLGA sisteminin beynəlxalq yayılması Avropa bazarına da çıxarılıb.

Avropa ölkələrindən biri ilə başlanan bu inteqrasiya proqramı TOLGA-nın qlobal miqyasda qəbul edilən, müxtəlif platformalara uyğunlaşdırıla bilən və yüksək ixrac potensialına malik hava hücumundan müdafiə həlli olduğunu nümayiş etdirir.

TOLGA-nın təbəqəli hava hücumundan müdafiə imkanlarını avtonom quru platformalarının yüksək hərəkət qabiliyyəti ilə birləşdirən bu əməkdaşlıq kritik obyektlərin mühafizəsindən sərhəd təhlükəsizliyinə, mobil bölmələrin qorunmasından insansız sistem əməliyyatlarına qədər geniş tapşırıq spektrində effektiv istifadə imkanı yaradır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: MKE   TOLGA   KATICA  


Bizi "telegram"da izləyin