Görgün: “Türkiyə NATO-nu silahlandırmaq istəyir”

2026/06/1781339735.jpg
Oxunub: 268     12:36     13 İyun 2026    
Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədri Haluk Görgün NATO sammiti ərəfəsində verdiyi müsahibədə Türkiyənin alyans üçün yalnız silah tədarükçüsü deyil, strateji tərəfdaş olmaq istədiyini bildirib.

Ordu.az xəbər verir ki, bu barədə Haluk Görgün Polşanın “Defense24” nəşrinə müsahibəsində danışıb.

“Türkiyə NATO-nu silahlandırmaq istəyir” başlığı ilə dərc olunan müsahibədə Görgün Türkiyə müdafiə sənayesinin son iyirmi ildə böyük transformasiya keçdiyini vurğulayıb.

Onun sözlərinə görə, ölkə xarici asılılıqdan çıxaraq müxtəlif əməliyyat sahələri üçün qabaqcıl sistemlər hazırlamaq, istehsal etmək, modernləşdirmək və ixrac etmək imkanları əldə edib.

Görgün qeyd edib ki, texnoloji müstəqillik Türkiyə üçün sadəcə şüar deyil, strateji zərurətdir.

“Bu, kritik texnologiyaların qorunmasını, təchizat zəncirinin gücləndirilməsini və milli mühəndislik potensialının inkişafını əhatə edir. Türkiyənin məqsədi NATO-nun çəkindirmə və müdafiə qabiliyyətlərinə daha güclü töhfə vermək, eyni zamanda dost və müttəfiq ölkələrlə uzunmüddətli əməkdaşlıq qurmaqdır.

Türkiyə ixrac uğurunu yalnız maliyyə göstəriciləri ilə ölçmür. Əsas məqsəd qarşılıqlı etimada əsaslanan uzunmüddətli tərəfdaşlıqlar yaratmaqdır. Türkiyə müdafiə sənayesi bu gün dəniz platformaları, zirehli texnikalar, insanlı və insansız hava sistemləri, radioelektron mübarizə vasitələri, radarlar, dəqiq yönəlmiş sursatlar, raket sistemləri, hava hücumundan müdafiə sistemləri, komanda-idarəetmə həlləri, kibertəhlükəsizlik texnologiyaları və təlim sistemləri daxil olmaqla geniş sahələri əhatə edir”, - deyə o qeyd edib.

Görgün bildirib ki, Türkiyə yalnız məhsul satmaq istəmir, həm də təlim, texniki xidmət, modernləşdirmə, yerli potensialın yaradılması və texnologiya əməkdaşlığı sahələrində tərəfdaş rolunu oynamağı hədəfləyir.

Müsahibədə insansız sistemlərə də toxunan Görgün qeyd edib ki, son münaqişələr Pilotsuz Uçuş Aparatlarının (PUA) artıq yardımçı vasitə deyil, müasir müharibələrin əsas elementlərindən birinə çevrildiyini göstərib.

Onun sözlərinə görə, gələcəyin insansız sistemləri daha inkişaf etmiş süni zəka, qərar qəbuletmə, hədəf tanıma və sürü konsepsiyalarına malik olacaq.

“Gələcək döyüş meydanı müxtəlif sistemlərin inteqrasiyası üzərində qurulacaq və insansız hava, quru və dəniz platformaları digər hərbi sistemlərlə vahid şəbəkədə fəaliyyət göstərəcək. Türkiyənin yeni nəsil insansız sistemləri gələcəkdə KAAN milli döyüş təyyarəsi ilə birgə fəaliyyət göstərə biləcək şəkildə hazırlanır.

Türkiyə ölkənin bütün 81 vilayətində PUA istehsalı və təlim mərkəzlərinin yaradılması istiqamətində də iş aparır. Bütün bu layihələrin əsas məqsədi ən yüksək səviyyədə çəkindirmə qabiliyyətinə nail olmaqdır”, - deyə Görgün bildirib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Görgün   Türkiyə   NATO  


Bizi "telegram"da izləyin