Ordu.az xəbər verir ki, bu barədə “The New York Times” qəzeti Avropa rəsmilərinə istinadən məlumat yayıb.
Məlumata görə, müvafiq qərar iyunun əvvəlində yazılı sənəd formasında müttəfiqlərə təqdim olunub və sənədin bəzi hissələri jurnalistlər tərəfindən öyrənilib.
Nəşr bildirir ki, söhbət ABŞ-nin Avropanın müdafiə arxitekturasındakı hərbi iştirakının genişmiqyaslı yenidən qiymətləndirilməsindən gedir.
Plan çərçivəsində Avropada yerləşdirilən F-16 və F-15E qırıcılarının sayının təxminən 150-dən 100-ə endirilməsi nəzərdə tutulur.
Bundan başqa, dəniz patrul təyyarələrinin sayının 26-dan 15-ə endirilməsi, Avropada istifadə olunan bütün səkkiz yanacaq doldurma təyyarəsinin çıxarılması planlaşdırılır.
Sənədə əsasən, raket silahlanmasına malik nüvə sualtı qayığı, aviadaşıyıcı və bir sıra döyüş gəmilərinin də başqa bölgələrə yönləndirilməsi nəzərdən keçirilir.
Həmçinin Avropa istiqamətində müdafiə məqsədilə ayrılmış strateji bombardmançı qruplarından birinin ixtisar olunması planlaşdırılır.
Avropa rəsmiləri hesab edirlər ki, bu addımlar NATO-nun uzaqmənzilli zərbə imkanlarına, kəşfiyyat potensialına və havada yanacaq doldurma qabiliyyətinə təsir göstərə bilər.
Bununla yanaşı, qərar ABŞ-nin hərbi resurslarının qlobal miqyasda yenidən bölüşdürülməsi strategiyasının tərkib hissəsi kimi qiymətləndirilir.
Hələlik nə Pentaqon, nə də NATO tərəfindən məsələ ilə bağlı rəsmi açıqlama verilməyib.
Sevinc Əliyeva
Ordu.az