Ukrayna ordusu yeni elektrik motosikletini silahlanmaya qəbul edib

2026/06/1781339314.jpg
Oxunub: 244     12:26     13 İyun 2026    
Ukrayna Müdafiə Nazirliyi yerli istehsal olan “Wolfstorm” elektrik motosikletinin hərbi istifadəyə rəsmən təsdiqləndiyini açıqlayıb.

Ordu.az xəbər verir ki, bu barədə Ukrayna Müdafiə Nazirliyi məlumat yayıb.

Məlumata görə, batareya ilə işləyən iki təkərli platforma müasir döyüş meydanında xüsusilə kəşfiyyat və sürətli müdaxilə tapşırıqları üçün nəzərdə tutulub.

“Wolfstorm” çətin relyef şəraitində şəxsi heyətin və avadanlıqların daşınması üçün hazırlanıb. Platforma iki hərbçinin birlikdə hərəkət etməsinə imkan verir.

Nazirlik qeyd edib ki, motosikletlər cəbhə xəttində getdikcə daha vacib nəqliyyat vasitələrinə çevrilir və əməliyyat baxımından pikap tipli avtomobillərdən sonra ən faydalı vasitələrdən hesab olunur.

Xüsusilə yolların zədələndiyi və adi nəqliyyat vasitələrinin hərəkətinin çətin olduğu ərazilərdə motosikletlər mühüm üstünlüklər təmin edir. 105 kiloqram çəkisi olan “Wolfstorm” şassinin mərkəzində yerləşdirilmiş 8 kVt gücündə elektrik mühərriki ilə təchiz olunub.

Texniki göstəricilərə əsasən, motosiklet saatda 80 kilometr maksimal sürət yığa bilir və tam enerji ilə təxminən 100 kilometr məsafə qət edir.

Platformanın əsas üstünlüklərindən biri modul batareya sistemidir. Bu sistem sayəsində batareyalar sahə şəraitində qısa müddətdə dəyişdirilə bilir.

Batareyaların tam doldurulması təxminən dörd saat çəkir. Motosikletdə geri hərəkət sistemi də quraşdırılıb ki, bu da məhdud məkanlarda manevr imkanlarını artırır.

200 kiloqram daşıma qabiliyyətinə malik olan “Wolfstorm” kəşfiyyat missiyalarında, partlayıcı maddələrin zərərsizləşdirilməsi qruplarının daşınmasında, pilotsuz uçuş aparatı operatorlarının hərəkətində, logistika və təxliyə əməliyyatlarında istifadə oluna bilər.

Platformanın demək olar ki, səssiz işləməsi onun aşkarlanmasını da çətinləşdirir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ukrayna   Wolfstorm   MN  


Bizi "telegram"da izləyin