Səfir: "Azərbaycan 630 ukraynalı uşağa reabilitasiya xidmətləri göstərib"

2026/06/Ekran-1781339910.jpg
Oxunub: 154     11:48     13 İyun 2026    
Azərbaycan dövləti müharibə zamanı qəhrəmanlıq göstərən ukraynalı uşaqlara yardım göstərib.

Ordu.az "Report"a istinadən xəbər verir ki, bunu Azərbaycanın Ukraynadakı səfiri Seymur Mərdəliyev Ukraynanın Daxili İşlər Nazirliyinin təşkilatçılığı ilə "Qəhrəman uşaqlar" şüarı adı altında keçirilən tədbirdə deyib.

Ukraynalı qəhrəman uşaqlar üçün bu əlamətdar və ləyaqətli mükafatlandırma mərasimində iştirak etməkdən məmnunluğunu ifadə edən səfir bildirib ki, müharibənin ilk günlərindən etibarən Azərbaycan dost Ukrayna xalqına humanitar yardım göstərməyə başlayıb.

Səfir qeyd edib ki, Azərbaycan Ukraynanın yenidənqurma, minatəmizləmə və enerji layihələrinə kömək edir:

"Lakin yardımımızın ən vacib sahələrindən biri də Azərbaycanda ukraynalı uşaqların tibbi və psixoloji reabilitasiyasıdır. Artıq valideyn himayəsindən məhrum olan 630 ukraynalı uşaq hökumətimiz tərəfindən tam maliyyələşdirilən yüksəkkeyfiyyətli reabilitasiya xidmətləri alıb. Bu sahədə Azərbaycan və Ukrayna daxili işlər nazirlikləri arasında intensiv əməkdaşlıq mövcuddur".

Ukraynanın daxili işlər naziri İqor Klimenko isə çıxışında qeyd edib ki, qəhrəmanlığın yaşı olmur:

"Biz sizinlə fəxr edirik, sizin qəhrəmanlığınız ona dəlalət edir ki, Ukrayna xalqının parlaq gələcəyi var. Dövlətimiz sizin kimi qəhrəman uşaqlarla daha da inkişaf edəcək".

İqor Klimenko ağır və çətin gündə göstərdiyi dəstəyə görə Azərbaycan dövlətinə təşəkkürünü bildirib.

Tədbirin sonunda qəhrəmanlıq göstərən uşaqlar mükafatlandırılıb, həmçinin Azərbaycan dövləti adından hədiyyələr təqdim edilib.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Azərbaycan   Ukrayna  


Bizi "telegram"da izləyin