Rusiyalı ekspert: “Ermənistan ərazisində NATO infrastrukturunun və ya nəzarət sistemlərinin yerləşdirilməsi Moskva üçün qəbuledilməz olacaq”

2026/06/1781068784.jpg
Oxunub: 191     17:29     10 İyun 2026    
“Rusiyalı ekspert hesab edir ki, Ermənistan ərazisində NATO infrastrukturunun və ya nəzarət sistemlərinin yerləşdirilməsi Moskva üçün qəbuledilməz olacaq və buna müvafiq cavab veriləcək”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Bu, siyasi münasibətlər də daxil olmaqla adekvat simmetrik reaksiyaya səbəb olacaq” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, “News.mail.ru” saytı “Ekspert Tlisov: NATO-nun Ermənistanda mümkün hərbi mövcudluğu Rusiya üçün qəbuledilməzdir” başlıqlı məqaləsində Rusiyanın Milli İqtisadiyyat və Dövlət İdarəçiliyi Akademiyasının Şimali Qafqaz İnstitutunun direktoru, Rusiya İctimai Palatasının üzvü Azamat Tlisovun açıqlamalarına yer verib.

Tlisov TASS agentliyinə müsahibəsində bildirib ki, Ermənistan ərazisində NATO infrastrukturunun, hərbi bazalarının və ya nəzarət sistemlərinin yerləşdirilməsi Rusiyanın milli təhlükəsizliyi üçün birbaşa təhdid kimi qiymətləndiriləcək.

“Əgər Avropa İttifaqına üzvlüklə bağlı prosesdən sonra NATO-ya üzvlük məsələsi gündəmə gələrsə, bu bizim üçün qəbuledilməz olacaq və şübhəsiz ki, təhlükəsizlik sahəsində ciddi narahatlıqlar yaradacaq. Ən vacib məqam ondan ibarətdir ki, belə şəraitdə NATO-nun genişlənməsi, müxtəlif bazaların və ya nəzarət sistemlərinin yaradılması ilə bağlı risklər meydana çıxır. Müxtəlif razılaşmalar çərçivəsində Ermənistan ərazisində belə obyektlərin yerləşdirilməsi ehtimalı mövcuddur. Bu isə Rusiyanın milli təhlükəsizliyinə təhdiddir və təbii olaraq adekvat reaksiyaya səbəb olacaq”, - deyə ekspert bildirib.

Məqalədə qeyd olunur ki, Azamat Tlisov Moskvanın öz “qırmızı xətlərini” dəqiq müəyyən etdiyini və xarici siyasətdə ilk növbədə öz maraqlarını, eləcə də vətəndaşlarının təhlükəsizliyini rəhbər tutduğunu vurğulayıb.

Onun sözlərinə görə, Rusiya digər dövlətlərin suveren qərarlarına hörmətlə yanaşır, lakin bu qərarlar Rusiyanın maraqlarına zərər vurduğu halda buna laqeyd qala bilməz.

“Əgər Ermənistan Avropa İttifaqı ilə mövcud razılaşmaları çərçivəsində Rusiya Federasiyası üçün təhlükə yaradacaq mövqe qəbul edərsə, bu, siyasi münasibətlər də daxil olmaqla adekvat simmetrik reaksiyaya gətirib çıxaracaq”, - deyə Tlisov qeyd edib.

Nəşr yazır ki, ekspert Ermənistanın xarici siyasət kursunda baş verən kəskin dəyişiklikləri həssas məsələ kimi qiymətləndirib. O, iki ölkə arasında mövcud olan tarixi əlaqələri, həm Rusiyada yaşayan erməniləri, həm də Ermənistanda yaşayan Rusiya vətəndaşlarını xatırladaraq, münasibətlərin gərginləşməsinin əlavə problemlər yarada biləcəyini bildirib.

Tlisovun fikrincə, Ermənistan rəhbərliyinin hazırkı xarici siyasət kursu regionda gərginliyin daha da artmasına səbəb ola bilər. O hesab edir ki, Moskva prosesləri diqqətlə izləyir və təhlükəsizlik maraqlarına toxunan hər hansı addıma cavab verməyə hazırdır.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Rusiya   Ermənistan   NATO  


Bizi "telegram"da izləyin