“168.am”: Paşinyan inqilabi vədini pozub, Silahlı Qüvvələr siyasi amil olmamalıdır

2026/06/1781066059.jpg
Oxunub: 209     17:29     10 İyun 2026    
“2018-ci ildə hakimiyyət dəyişikliyindən sonra Nikol Paşinyan ordunun siyasi proseslərdən kənarda qalacağını və Silahlı Qüvvələrin seçki proseslərində tərəf olmayacağını bəyan etmişdi. Lakin son parlament seçkiləri zamanı qeydə alınan hadisələr bu vədlərin reallıqda yerinə yetirilmədiyini göstərir”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “168.am” nəşri “Paşinyan inqilabi vədini pozub, Silahlı Qüvvələr siyasi amil olmamalıdır. Seçki proseslərinin izləri ilə” başlıqlı məqaləsində yazıb.

Nəşr xatırladıb ki, 2018-ci il mayın 12-də Nikol Paşinyan həmin vaxt yeni təyin olunmuş müdafiə naziri David Tonoyanı Müdafiə Nazirliyinin şəxsi heyətinə və Silahlı Qüvvələrin yüksək rütbəli zabitlərinə təqdim edərkən ordunun depolitizasiyasını əsas vəzifələrdən biri kimi göstərmişdi.

“Yaxın vaxtlarda həll etməyi planlaşdırdığımız növbəti məsələ ordunun depolitizasiyası ilə bağlıdır və hesab etmişik ki, David Tonoyanın namizədliyi bunun üçün ən uyğun seçimdir. Mən artıq Qarabağda ordumuzun və Silahlı Qüvvələrimizin nümayəndələrinə xüsusi təşəkkür etmək imkanı əldə etmişəm ki, son daxili siyasi böhran zamanı Silahlı Qüvvələr siyasi proseslərin bir hissəsinə çevrilməyib. Bu, Konstitusiyada nəzərdə tutulub.

Bu, Silahlı Qüvvələrimizin institusional formalaşmasının yüksək səviyyədə olduğunu göstərir. Bu prosesi davam etdirməliyik. Siyasi proseslər zamanı, o cümlədən seçkilərdə ordu seçki prosesinin tərəfi kimi cəlb edilməməlidir. Bizim vəzifəmiz Ermənistanın hər bir vətəndaşının seçki azadlığını təmin etməkdir. Bu baxımdan Silahlı Qüvvələrdə xidmət edən hər bir vətəndaş öz seçimində azad olmalıdır. Bunu Konstitusiya və qanunlar tələb edir və bu, sıravi əsgərdən generala qədər hər kəsə aiddir”, - deyə Paşinyan bildirib.

Paşinyan əlavə etmişdi ki, Ermənistan Silahlı Qüvvələri nə hakimiyyətyönlü, nə də müxalifyönlü olmalı, özlərini siyasi amil hesab etməməlidirlər.

Nəşr xatırladıb ki, 2018-ci il aprelin 23-də İrəvanda Serj Sarkisyanın baş nazirliyinə qarşı “Mənim Addımım” təşəbbüsünün etiraz aksiyasına Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı briqadasının 209 hərbçisi hərbi formada qoşulmuşdu.

“Əlbəttə, deyə bilərsiniz ki, həmin vaxt müdafiə naziri səlahiyyətlərini Vigen Sarkisyan icra edirdi. Lakin həmin dövrdə Sülhməramlı Briqadanın komandiri Vağinak Sarkisyan idi və o, 2018-ci il iyunun 11-də Milli Təhlükəsizlik Xidmətinin sərhəd qoşunlarının komandanı təyin edilmişdi.

Bundan sonra da hərbçilər tərəfindən siyasi neytrallığın və hərbi formanı daşıma qaydalarının pozulduğu çoxsaylı hallar baş verdi. Biz bu məsələlərə dəfələrlə toxunmuş, hətta müdafiə naziri Suren Papikyana yazılı sorğular göndərmişik”, - deyə məqalədə qeyd olunub.

Nəşr daha sonra seçki proseslərinə qayıdaraq xatırladıb ki, 2018-ci il dekabrın 9-na növbədənkənar parlament seçkiləri təyin edilmişdi.

“Ertəsi gün məlum olmuşdu ki, dekabrın 9-da keçirilən səsvermə zamanı saat 08:00-dan 20:00-dək Müdafiə Nazirliyinin qaynar xəttinə 55 zəng daxil olub. Bu zənglər əsasən seçkilərin təşkili, hərbçilərin hərbi hissələrdən daşınması və məzuniyyətdə olan müddətli hərbi qulluqçuların səsverməsi ilə bağlı idi. Zənglərin təxminən 35 faizi isə Müdafiə Nazirliyinin səlahiyyətlərinə aid olmayan məsələlərlə bağlı olub və vətəndaşlar digər qurumlara yönləndirilib.

Müdafiə Nazirliyindən bildirildiyinə görə, hərbçilərin seçki məntəqələrinə sıra düzülüşündə daxil olması ilə bağlı müraciətlər daxil olmuşdu. Lakin aparılan araşdırmalar nəticəsində məlum olmuşdu ki, bu təəssürat yanlışlıqdan yaranıb və söhbət yalnız hərbçilərin növbə ilə və qruplar şəklində seçki məntəqəsinə daxil olmasının təşkilindən gedib.

Bundan başqa, məzuniyyətdə olan müddətli hərbi qulluqçuların səsverməsinin təşkili məsələsi qaldırılmış və izah edilmişdi ki, bu sahədə müəyyən hüquqi boşluqlar mövcuddur. Təklif nəzərə alınmış və sistemli həll yollarının tapılması məqsədilə aidiyyəti qurumlarla müzakirə ediləcəyi bildirilmişdi”, - deyə nəşr yazıb.

Məqalədə vurğulanıb ki, həmin dövrdə müdafiə qurumu ən azı ortaya çıxan problemlərlə bağlı ictimaiyyəti məlumatlandırırdı və internetdə ordu ilə bağlı biabırçı görüntülər yayılmırdı.

“Hərbçilərin 2018-ci ilin dekabrında keçirilən növbədənkənar seçkilərdə necə səs verdiyini və hər hansı yönləndirmənin olub-olmadığını deyə bilmərik. Burada söhbət açıq və biabırçı pozuntulardan gedir.

Xatırladaq ki, dekabrın 9-da keçirilən növbədənkənar parlament seçkiləri nəticəsində parlamentə üç siyasi qüvvə keçmişdi, “Mənim Addımım” bloku 88 mandat, Çiçəklənən Ermənistan Partiyası 26 mandat, “İşıqlı Ermənistan” partiyası isə 18 mandat qazanmışdı. Nikol Paşinyanın dediyi kimi, “ilk dəfə idi ki, seçkinin nəticələri Konstitusiya Məhkəməsində mübahisələndirilməyəcəkdi”.

Artıq 2021-ci il iyunun 20-də keçirilən növbədənkənar parlament seçkiləri zamanı əsgərlərin əvvəlcədən hazırlanmış zərflərlə səs verməsi faktı qeydə alınmışdı. Həmin vaxt müdafiə naziri Vağarşak Harutyunyan idi və o, “Vətəndaş Müqaviləsi” partiyasının üzvü deyildi. Üstəlik, o dövrdə Ermənistan Silahlı Qüvvələri Baş Qərargah rəisinin birinci müavini Arşak Karapetyanın da bu məsələdə rolunun olduğu barədə müxtəlif məlumatlar yayılırdı.

Bundan əlavə, Paşinyanın xeyrinə 44 günlük müharibə zamanı yaxınları tərəfindən Qarabağa döyüşlərə getmələrinin qarşısı alınan bəzi müqaviləli hərbçilərin də “işlədiyi” barədə məlumatlar vardı. Belə hallar xüsusilə Tavusda qeydə alınmışdı”, - deyə məqalədə bildirilib.

Nəşrin yazdığına görə, 2026-cı il iyunun 7-də keçirilən parlament seçkilərində isə ordu ilə bağlı hadisələr daha qalmaqallı xarakter alıb.


“Xüsusilə saat 20:00-dan sonra baş verən səsvermə halları diqqət çəkib. Bir sıra hallarda əsgərlər seçki məntəqələrinə saat 20:00-dan sonra daxil olublar və söhbət onlarla hərbçidən gedir. “Akanates” müşahidə missiyası bildirib ki, saat 20:00-dan sonra təxminən 480 hərbçiyə səs verməyə icazə verilib.

Əlbəttə, gözlənildiyi kimi, hakimiyyət nümayəndələri bir-birinin ardınca bunu əsaslandırmağa çalışdılar və hətta qanun pozuntusu görmədiklərini nümayiş etdirdilər”, - deyə nəşr vurğulayıb.

Məqalədə Ermənistan Mərkəzi Seçki Komissiyasının sədri Vahaqn Hovakimyanın və Silahlı Qüvvələrin Baş Qərargah rəisi Edvard Asryanın açıqlamalarına da yer verilib.

“Vahaqn Hovakimyan bildirib ki, hərbçilər saat 20:00-dan əvvəl seçki məntəqələrinin qarşısında olublar və sadəcə növbələrin çoxluğu səbəbindən içəri daxil ola bilməyiblər. Onun sözlərinə görə, problem cəmi iki seçki məntəqəsində qeydə alınıb.

Baş Qərargah rəisi Edvard Asryan isə bildirib ki, hərbçilər qanunvericiliyin tələblərinə uyğun səs veriblər. Onun sözlərinə görə, seçki məntəqəsinin ərazisində olan hər bir şəxsə, istər hərbçi, istərsə də mülki vətəndaş olsun, səsverməni başa çatdırmağa icazə verilir. Asryan vurğulayıb: “Bizim hərbçilər seçki məntəqələrinin ərazisində müəyyən olunmuş vaxtda olublar. Heç bir hərbçi seçki məntəqəsinə gec gəlməyib”, - deyə nəşr yazıb.

Məqalə müəllifi hesab edir ki, hərbçilərin bu “vətəndaşlıq borcunu” yerinə yetirməsinə göstərilən xüsusi maraq müxalifət qüvvələrinin xeyrinə olmayıb.

“İndi hakimiyyət tərəfdarları deyə bilərlər ki, əvvəlki hakimiyyətlər dövründə də hərbçilərin yönləndirilməsi halları olub. Biz bunu nə istisna edirik, nə də bəraət qazandırırıq. Sadəcə qeyd edirik ki, mənfi mənada belə halların daha da təkmilləşdirildiyini görürük. Üstəlik, bu, 2018-ci ildə “siyasi proseslər zamanı, o cümlədən seçkilərdə ordu seçki prosesinin tərəfi olmamalıdır” vədini vermiş siyasi qüvvənin hakimiyyəti dövründə baş verir.

Bəlkə də mövcud siyasi və hərbi rəhbərlik indi də inqilabi vədlərini pozmadıqlarını iddia edəcək. Lakin faktlar əksini göstərir və onlar da bunu yaxşı bilirlər. Ordu siyasi üstünlüklərdən və siyasi oyunlardan uzaq saxlanmalıdır”, - deyə müəllif vurğulayıb.

Nəşr daha sonra 2020-ci il müharibəsindən sonrakı dövrə də toxunub.

“2020-ci il müharibəsindən dərhal sonra həmin vaxt Baş Qərargah rəisi olan Onik Qasparyanın ordunu siyasi proseslərə cəlb etmək cəhdləri ilə üzləşdiyi, lakin hakimiyyətin maraqları naminə buna getmədiyi barədə məlumatlar yayılmışdı.

Eyni zamanda xatırlatmaq lazımdır ki, 2020-ci il oktyabrın 27-də Vazgen Manukyan Nikol Paşinyan hökumətinin istefasını tələb etdikdən sonra Müdafiə Nazirliyi və Baş Qərargah birgə bəyanat yayaraq Ali Baş Komandanın əmrlərini qeyd-şərtsiz yerinə yetirəcəklərini bildirmişdilər.

“Xüsusilə hərbi vəziyyət şəraitində Ermənistan Silahlı Qüvvələri qanunla müəyyən edilmiş tabelik sisteminə sadiqdir və Ermənistan Respublikasının Ali Baş Komandanının, hökumətin və müdafiə nazirinin əmrlərini qeyd-şərtsiz yerinə yetirməyə davam edəcək.

Müdafiə Nazirliyi və Silahlı Qüvvələrin Baş Qərargahı siyasi və yarımsiyasi dairələri parçalanma yaradan bəyanat və hərəkətlərdən çəkinməyə çağırır”, - deyə həmin bəyanatda bildirilirdi.

Əlbəttə, bizim müəyyən qeyd-şərtlərimiz var. Baş Qərargah belə bəyanat verməli idimi? Müharibə günlərində belə bəyanat vermək özü siyasi proseslərə qarışmaq sayılmırdımı?”, - deyə nəşr sual verib.

Məqalənin sonunda qeyd olunur ki, 2021-ci il fevralın 25-də Ermənistan Silahlı Qüvvələri Nikol Paşinyan və hökumətin istefasını tələb etdikdə Onik Qasparyan siyasi proseslərə qarışmaqda və hərbi çevrilişə cəhddə ittiham olunmuşdu.

“Halbuki söhbət ölkənin qarşısında duran təhlükəsizlik problemlərindən gedirdi. Ola bilsin ki, Onik Qasparyan istefa ərizəsi yazaraq eyni bəyanatı öz adından verməli idi. Xüsusilə də o, Baş Qərargahın bəyanatının heç kim tərəfindən diktə edilmədiyini, məqsədin yalnız gələcək təhlükəsizlik çağırışları barədə xəbərdarlıq etmək olduğunu bildirirdi.

O həmçinin vurğulayırdı ki, Silahlı Qüvvələrin səbir kasası dolub. Maraqlıdır ki, həmin bəyanatı imzalayanlardan bir çoxu bu gün də Silahlı Qüvvələrdə xidmət edir və hətta vəzifədə irəli çəkiliblər”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin