Sınaqlar astanasında: Ermənistan iqtisadiyyatı üçün niyə çətin aylar gözlənilir?

2026/04/1775489688.jpg
Oxunub: 202     17:59     10 İyun 2026    
“Son aylarda Ermənistan iqtisadiyyatı ilə bağlı ortaya çıxan siqnallar getdikcə daha çox narahatlıq doğurur. Əgər əvvəlki illərdə əlverişli xarici amillər iqtisadi aktivliyin yüksək səviyyədə qalmasına imkan verirdisə, hazırda vəziyyət əhəmiyyətli dərəcədə dəyişib”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Sınaqlar astanasında: Ermənistan iqtisadiyyatı üçün niyə çətin aylar gözlənilir?” başlıqlı məqaləsində yazıb.

Nəşr qeyd edir ki, regional qeyri-müəyyənlik, xarici bazarlarda yaranan məhdudiyyətlər, investisiya mühitinə münasibətdə artan ehtiyatlılıq və siyasi gərginlik birlikdə Ermənistan iqtisadiyyatı üçün yeni risklər yaradır.

Məqalədə vurğulanır ki, ən ciddi problemlərdən biri ixrac bazarları ilə bağlıdır. Ermənistanın kənd təsərrüfatı və emal sənayesi məhsullarının böyük hissəsi uzun illərdir əsas xarici bazarlarda satılır və bu istiqamətlərdə yaranan hər hansı məhdudiyyət minlərlə təsərrüfatın gəlirlərinə birbaşa təsir göstərir.

“İxrac prosesində yaranan maneələr təkcə satış həcmlərinin azalmasına səbəb olmur, eyni zamanda bütün kənd təsərrüfatı mövsümünün nəticələrini təhlükə altına qoyur. İstehsalçı məhsulunu sata biləcəyinə əmin olmadıqda növbəti il daha az istehsal edir və bu artıq bütöv sahə üçün uzunmüddətli problemə çevrilir”, - deyə nəşr qeyd edir.

Məqalədə bildirilir ki, paralel olaraq investisiya fəallığında da zəifləmə müşahidə olunur. Böyük investorlar adətən qeyri-müəyyən mühitdən uzaq durmağa çalışırlar. Siyasi və iqtisadi proseslərin gələcək istiqaməti ilə bağlı proqnozlaşdırma imkanları zəiflədikcə investisiya qərarları da təxirə salınır.

“Bu, Ermənistan kimi ölkə üçün xüsusilə təhlükəlidir. Çünki iqtisadi artımın təmin olunması üçün yeni istehsal sahələrinin yaradılması, yeni iş yerlərinin açılması və kapital axını həyati əhəmiyyət daşıyır”, - deyə məqalədə vurğulanır.

Nəşr hesab edir ki, xarici ticarətin strukturunda baş verən dəyişikliklər də əlavə risklər yaradır. Son illərdə qeydə alınan yüksək iqtisadi göstəricilərin əhəmiyyətli hissəsi müstəsna xarici amillərlə bağlı olub və həmin amillərin təsiri sonsuz deyil.

“Bu amillərin zəifləməsi fonunda iqtisadiyyat əlavə stimullardan məhrum olaraq reallıqla üz-üzə qalır. Bu isə o deməkdir ki, yaxın aylarda iqtisadi artımın tempi zəifləyə, bəzi sahələrdə isə hətta geriləmə müşahidə oluna bilər”, - deyə nəşr yazır.

Məqalədə inflyasiya risklərinə də xüsusi diqqət ayrılır. Müəllif qeyd edir ki, xarici bazarlarda baş verən istənilən sarsıntı, nəqliyyat xərclərinin artması və ya təchizat zəncirlərində yaranan problemlər Ermənistanın daxili bazarına dərhal təsir edir.

“İdxaldan asılı iqtisadiyyat üçün bu, xüsusilə həssas məsələdir. Nəticədə gündəlik tələbat mallarının qiymətləri yüksəlir və bundan ilk növbədə orta və aşağı gəlirli ailələr zərər görür”, - deyə məqalədə bildirilir.

Nəşr vurğulayır ki, əmək bazarı da yaxın aylarda təzyiq altında qala bilər. İxracın azalması, investisiyaların zəifləməsi və iqtisadi aktivliyin aşağı düşməsi bir çox şirkətləri xərclərini yenidən nəzərdən keçirməyə məcbur edə bilər.

“Bu proses həm yeni iş yerlərinin yaradılmasının azalmasına, həm də bəzi hallarda işçi sayının ixtisar edilməsinə gətirib çıxara bilər. İqtisadi qeyri-müəyyənlik şəraitində işəgötürənlər daha ehtiyatlı davranırlar və bu da əmək bazarının ümumi vəziyyətinə mənfi təsir göstərir”, - deyə müəllif qeyd edir.

Məqalədə dövlət büdcəsi ilə bağlı risklərə də toxunulur. Bildirilir ki, iqtisadi artımın zəifləməsi vergi daxilolmalarının azalmasına səbəb olur. Digər tərəfdən, sosial və iqtisadi problemlərin dərinləşməsi dövlət xərclərinə olan tələbatı artırır.

“Bu ziddiyyət hakimiyyəti çətin seçim qarşısında qoya bilər, ya dövlət xərclərini azaltmaq, ya da borclanmanı artırmaq lazım gələcək”, - deyə nəşr yazır.

Məqalədə regional proseslərin də iqtisadiyyata təsir etdiyi vurğulanır. Müəllif qeyd edir ki, Cənubi Qafqaz mürəkkəb geosiyasi məkan olaraq qalır və regionda yaranan hər hansı gərginlik iqtisadi proseslərə dərhal təsir göstərir.

“İş adamları və investorlar ilk növbədə sabitliyi qiymətləndirirlər. Təhlükəsizliklə bağlı daimi qeyri-müəyyənlik isə iqtisadi aktivliyi azaldır və investisiya qərarlarının qəbulunu çətinləşdirir”, - deyə məqalədə bildirilir.

Nəşr hesab edir ki, sadalanan amillər böhranın qaçılmaz olduğu anlamına gəlmir. Bununla belə, qarşıdakı dövrün Ermənistan iqtisadiyyatı üçün asan olmayacağı da açıq görünür.

“Xarici bazarlarla bağlı problemlər, investorlarda artan ehtiyatlılıq, mümkün inflyasiya təzyiqləri və regional risklər birlikdə ciddi çağırışlar yaradır. Məhz belə şəraitdə uzunmüddətli iqtisadi siyasətin həyata keçirilməsi, istehsalın stimullaşdırılması, ixrac bazarlarının şaxələndirilməsi və investor etimadının bərpası xüsusi əhəmiyyət daşıyır.

Əks halda qarşıdakı aylar inkişaf dövrü deyil, itirilmiş imkanlar və iqtisadi çətinliklər mərhələsi kimi yadda qala bilər. Bunun nəticələrini isə cəmiyyət gündəlik həyatında hiss edəcək”, - deyə məqalədə qeyd olunub.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Sınaq   İqtisadiyyat  


Bizi "telegram"da izləyin