Tehran uran ehtiyatlarının taleyini müzakirə etməkdən imtina edib

2026/05/1780119204.jpg
Oxunub: 397     09:27     30 May 2026    
İran Xarici İşlər Nazirliyinin nümayəndəsi İsmayıl Bəqayi Qərb ölkələrinin ultimatum və təzyiq dilini rədd etdiyini bəyan edib.

Ordu.az xəbər verir ki, bu barədə o, İranın dövlət televiziya kanalı IRIB-ə müsahibəsində danışıb.

Bəqayi vurğulayıb ki, İran İslam Respublikası qərarlarını yalnız öz xalqının maraqları və hüquqları əsasında qəbul edir.

O bildirib ki, ABŞ-nin tətbiq etdiyi dəniz blokadası əvvəldən qanunsuz olub, atəşkəs şərtlərini pozub və gəmiçiliyin azadlığına maneə yaradıb.

ABŞ tərəfindən məhdudiyyətlərin ləğv olunması ehtimalına münasibət bildirən Bəqayi qeyd edib ki, belə olan halda Vaşinqton sadəcə əvvəldən etməməli olduğu qanunsuz hərəkətlərə son vermiş olacaq.

Onun sözlərinə görə, ABŞ və İsrailin hücumundan sonra, martın 1-dən etibarən Hörmüz boğazı İranın müəyyən etdiyi xüsusi rejimlə fəaliyyət göstərir.

Hazırda ticarət gəmiləri boğazdan yalnız İran hakimiyyəti ilə koordinasiya aparıldıqdan sonra keçə bilir.

Bəqayi bildirib ki, İran və Oman sahilyanı dövlətlər kimi Hörmüz boğazında gələcək gəmiçilik rejiminin idarə edilməsində birgə iştirak etmək niyyətindədir.

“İran və Oman həm milli təhlükəsizliyi, həm də beynəlxalq gəmiçiliyin təhlükəsizliyini təmin edəcək mexanizmlər yaradacaq”, - deyə o bildirib.

Donald Trampın İranın zənginləşdirilmiş uran ehtiyatlarının ləğvi ilə bağlı bəyanatlarını şərh edən Bəqayi qeyd edib ki, hazırkı mərhələdə Tehranın əsas diqqəti müharibənin dayandırılmasına yönəlib.

Bu səbəbdən İran uranın zənginləşdirilməsi və mövcud ehtiyatlarla bağlı detalları müzakirə etməyi planlaşdırmır.

Bəqayi əlavə edib ki, son ayların təcrübəsi və regiondakı xüsusi şərait nəzərə alınmadan gələcək mexanizmlərin hazırlanması mümkün deyil.

Onun sözlərinə görə, İran və Oman tərəfindən hazırlanacaq bütün mexanizmlər hər iki ölkənin milli təhlükəsizlik maraqlarını və beynəlxalq gəmiçiliyin təhlükəsizliyini eyni zamanda nəzərə alacaq.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Tehran   Uran   İran  


Bizi "telegram"da izləyin