Britaniya donanmasının qlobal ixtisarı: London “River” sinfinə məxsus döyüş gəmilərini Uruqvaya niyə dəyər-dəyməzinə satır?

2026/06/1780555823.jpg
Oxunub: 229     11:22     04 İyun 2026    
Böyük Britaniya Kral Donanması üç ədəd “River” sinfinə məxsus patrul gəmisini Uruqvaya hər biri təxminən 15 milyon funt-sterlinqə satmağı planlaşdırır.

XIX əsrin sonu və XX əsrin əvvəllərində Latın Amerikasının gənc dövlətləri donanmalarını modernləşdirdikləri dövrdə Böyük Britaniya bütün tərəflərə hərbi gəmi sataraq böyük gəlir əldə edirdi. Bu satışlar arasında Argentina üçün ağır kreyserlər, Braziliya və Çili üçün isə döyüş gəmiləri də var idi.

1887-1902-ci illərdə həll olunmamış Patagoniya sərhəd mübahisəsi və həm Argentina, həm də Çilinin Cənubi Amerikanın cənub hissəsində regional üstünlüyə nail olmaq istəyi uzunmüddətli dəniz silahlanma yarışına səbəb olmuşdu. Bu yarışdan ən çox faydalanan isə Britaniyanın gəmiqayırma zavodları idi.

Zaman dəyişib və bu gün Böyük Britaniya Kral Donanması hətta kiçik bir eskadranı tam formalaşdırmaqda çətinlik çəkir. Buna baxmayaraq, London Cənubi Amerikada hələ də qazanc imkanları görür. Bu ilin əvvəlində Böyük Britaniya özünün köhnəlmiş “River” sinfinə məxsus “Batch I” sahil patrul gəmilərindən üçünü Uruqvaya satmağı təklif edib. Hazırda bu müqavilənin yekunlaşmağa yaxın olduğu bildirilir.

Təhvilə HMS “Tyne”, HMS “Mersey” və HMS “Severn” daxil olacaq. Həmin gəmilərin hamısının 2028-ci ildə, 25 ildən artıq xidmət müddətindən sonra Kral Donanmasının tərkibindən çıxarılması planlaşdırılır. Kral Donanması öz donanmasını bərpa etməyə çalışsa da, müasir helikopter meydançalarının olmaması və zəif silahlanması səbəbindən ən köhnə patrul gəmilərini istismardan çıxarmağa üstünlük verir.

Bu çatışmazlıqlar həmin gəmilərin Avropa sularında rolunu məhdudlaşdırır. Böyük Britaniya hazırda daha güclü Rusiya hərbi gəmiləri və sualtı qayıqları ilə artan rəqabət şəraitində fəaliyyət göstərir.

“River” sinfinə məxsus patrul gəmiləri haqqında

Xidmətə qəbul edildiyi il: 2001
İstehsal olunan ümumi sayı: 14 (onlardan 8-i Kral Donanmasında xidmət edir)
Uzunluğu: 79,5 metr
Eni: 13,5 metr
Sbasımı qabiliyyəti: 1700 ton
Hərəkət sistemi: İki ədəd “Ruston” 12RK 270 dizel mühərriki
Maksimum sürəti: 20 düyün
Üzmə məsafəsi: 5500 dəniz mili
Silahlanması: Bir ədəd “Oerlikon” 20 mm top, iki ədəd ümumi təyinatlı pulemyot, yüngül helikopterlər üçün uçuş meydançası.
Ekipaj: 30 nəfər, əlavə olaraq 50 hərbçi yerləşdirmək imkanı.


“River” sinfi Soyuq müharibədən sonra layihələndirilib və böyük dövlətlər arasında rəqabətin yenidən artdığı müasir dövr üçün uyğun hesab edilmir. Bununla belə, bu gəmilər Uruqvay Hərbi Dəniz Qüvvələrinin ehtiyaclarını qarşılaya bilər. Mövcud plana əsasən, London hər bir gəmini təxminən 15 milyon funt-sterlinqə (20 milyon ABŞ dolları) satacaq.

Yaşlı olmalarına baxmayaraq, bu hərbi gəmilər hələ də müəyyən imkanlara malikdir və Montevideo onları yeni patrul gəmilərinin qiymətindən xeyli aşağı məbləğə əldə edəcək.

Uruqvay Prezident Administrasiyasının katib müavini Xorxe Dias yerli mediaya açıqlamasında bildirib: “Onların alınmasına maraq göstərdiyimizi ifadə edən notanı Böyük Britaniyanın səfirliyinə təqdim etməliyik”.

“River” sinfinin daha bir nümayəndəsi olan keçmiş HMS “Clyde” 2020-ci ildə Bəhreynə satılıb. Hazırda gəmi Bəhreyn Kral Hərbi Dəniz Qüvvələrinin tərkibində RBNS Al-Zubara adı ilə xidmət göstərir.

“River” sinfi mükəmməl gəmi deyil, amma alternativ də yoxdur

Məhdud imkanlarına baxmayaraq, Kral Donanması “River” sinfinin vəzifələrini genişləndirib. Əvvəlcə balıqçılıq zonalarının mühafizəsi üçün nəzərdə tutulan bu gəmilər sonradan Böyük Britaniyanın müstəsna iqtisadi zonasında, ölkə ətrafındakı sularda və xarici ərazilərində patrul xidməti üçün istifadə olunmağa başlayıb.

Kral Donanmasında freqat və daha böyük döyüş gəmilərinin çatışmazlığı səbəbindən “River” sinfinin rolu daha da artıb. “Batch II” seriyasına aid HMS “Medway” hazırda Kral Donanmasının Cənubi Atlantikdəki daimi patrul missiyasını yerinə yetirir. Gəmi Folklend adalarında yerləşdirilib və 2020-ci ildən bölgədə xidmət göstərən HMS “Forth”u əvəz edib.

Böyük Britaniya donanmasının ölçüsü getdikcə kiçildiyi üçün patrul gəmiləri mühüm boşluqları doldurur. Lakin onların istismardan çıxarılmasından sonra nə baş verəcəyi hələ də aydın deyil.

“Navy Lookout” nəşri yazır: “Qaçılmaz olaraq, 2028-ci ildə onları əvəz edəcək heç bir plan yoxdur, çünki bunun üçün büdcə ayrılmayıb. Xaricdə yerləşdirilmiş “Batch II” patrul gəmilərinin bir hissəsi geri qaytarılmalı və onların vəzifələrini üzərinə götürməlidir. Daha sonra bu gəmiləri “Type 31” freqatları əvəz edəcək”.

“River” sinfi vaxtilə düzgün seçim kimi görünən, lakin bu gün artıq köhnəlmiş və zəif silahlanmış hərbi gəmi nümunəsidir. Buna baxmayaraq, Kral Donanmasının qlobal ambisiyalarını həyata keçirmək üçün kifayət qədər gəmi yoxdur və daha üç hərbi gəminin satılmasının düzgün addım olub-olmadığı sual altında qalır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Britaniya   Donanma   River  


Bizi "telegram"da izləyin