İspaniya mətbuatı KAAN-ın kritik sınaq mərhələsinə diqqət çəkib

2026/06/1780558758.jpg
Oxunub: 213     11:37     04 İyun 2026    
İspaniyanın müdafiə sahəsində ixtisaslaşmış “Defensa y Seguridad” platforması KAAN proqramında qarşıdakı iki ilin həlledici olacağını yazıb.

Ordu.az nəşrə istinadən xəbər verir ki, “Türkiyə Aviasiya və Kosmos Sənayesi Şirkəti” (TUSAŞ) 4-6 prototiplə intensiv uçuş və inkişaf sınaqları həyata keçirəcək, ilk “Block-10” döyüş təyyarələrinin isə 2028-2029-cu illərdə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi planlaşdırılır.

Məqalədə qeyd olunub ki, KAAN artıq sadəcə texnologiya nümayiş platforması olmaqdan çıxaraq seriyalı istehsal və əməliyyat istifadəsinə aparan yolun ən kritik mərhələsinə daxil olub.

Nəşr TUSAŞ-ın baş direktoru Mehmet Dəmiroğlunun açıqlamalarına da yer verib. Dəmiroğlu bildirib ki, qarşıdakı iki il ərzində istehsal ediləcək 4-6 KAAN prototipi ilə uçuş və inkişaf zərflərinin sınaqlarına diqqət ayrılacaq.

O həmçinin qeyd edib ki, ilk KAAN “Block-10” döyüş təyyarələrinin 2028-ci ilin sonu ilə 2029-cu ilin birinci rübü arasında təhvil verilməsi planlaşdırılır.

“Yeni prototiplərin istifadəyə verilməsi yalnız daha çox təyyarə istehsal etmək anlamına gəlmir. Hər bir prototip müxtəlif inkişaf mərhələləri üçün istifadə olunacaq və bu çərçivədə struktur sınaqları, aerodinamik təsdiqləmə, sensor inteqrasiyası, avionik sistemlər, tapşırıq proqram təminatı, silah inteqrasiyası, mühərrik performansı və radar görünürlüğü üzrə yoxlamalar aparılacaq.

TUSAŞ 2026 və 2027-ci illərdə yeni prototiplərlə uçuş zərfini genişləndirməyi, sistem inteqrasiyalarını təsdiqləməyi və seriyalı istehsal üçün əsas olacaq yekun konfiqurasiyanı formalaşdırmağı hədəfləyir. May ayında Müdafiə Sənayesi Komitəsi ilə TUSAŞ arasında ilk 20 ədəd KAAN “Block-10” döyüş təyyarəsinin tədarükünə dair müqavilə imzalanıb”, - deyə nəşr qeyd edib.

Müəllif bildirib ki, bu təyyarələrin 2028-2030-cu illərdə Türkiyə Hərbi Hava Qüvvələrinə təhvil verilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, ilk istehsal standartını təmsil edən Block-10 konfiqurasiyasında ABŞ istehsalı olan F110-GE-129 mühərriklərindən istifadə ediləcək.

Bu yanaşmanın milli mühərrikin hazırlanması prosesi davam edərkən proqramın vaxt qrafikinin qorunmasına və texniki risklərin azaldılmasına xidmət etdiyi bildirilib.

“Defensa y Seguridad” yazır ki, Türkiyə KAAN proqramında mərhələli inkişaf strategiyası tətbiq edir.

“İlk mərhələdə əməliyyat qabiliyyətinə malik versiyanın silahlanmaya qəbul edilməsi nəzərdə tutulur, milli TF35000 mühərrikinin isə sonrakı istehsal bloklarında istifadəsi planlaşdırılır. Məlumata görə, yerli mühərrikin inteqrasiyası gələcək illərdə hazırlanacaq daha inkişaf etmiş KAAN variantlarında həyata keçiriləcək.

KAAN yalnız müdafiə sənayesi layihəsi deyil, həm də Türkiyə Hərbi Hava Qüvvələrinin gələcək qüvvə strukturunun əsas elementlərindən biri hesab olunur. Yeni nəsil döyüş təyyarəsinin modernləşdirilmiş F-16-lar, alınması planlaşdırılan “Eurofighter Typhoon” qırıcıları, pilotsuz döyüş təyyarələri və yerli sursat sistemləri ilə birlikdə fəaliyyət göstərməsi nəzərdə tutulur”, - deyə məqalədəq eyd edilib.

İspaniya mətbuatı hesab edir ki, KAAN proqramı hazırda uçuş sınaqları, sistem inteqrasiyası, istehsal gücü və əməliyyat hazırlığının təsdiqlənməsi baxımından ən vacib mərhələsinə daxil olub.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İspaniya   TUSAŞ   KAAN  


Bizi "telegram"da izləyin