ABŞ Rusiya mallarına 500 % gömrük rüsumu tətbiq etməyi planlaşdırır

2026/05/1777795309.jpg
Oxunub: 179     04:52     04 İyun 2026    
ABŞ Konqresinin Nümayəndələr Palatası tərəfindən səsvermə proseduruna razılıq verilmiş qanun layihəsi Rusiyanın neft sənayesinə sanksiya təzyiqinin artırılmasını, Rusiya idxalına münasibətdə ən azı 500 % səviyyəsində gömrük rüsumlarının müəyyən edilməsini, habelə Ukraynaya hərbi dəstəyin genişləndirilməsini özündə ehtiva edir.

Ordu.az xəbər verir ki, bu, Konqresin saytında yerləşdirilmiş sənəddə öz əksini tapıb.

Konqresin aşağı palatası Nümayəndələr Palatasının spikeri Mayk Consondan (Luizianadan olan respublikaçı) və müvafiq komitələrin rəhbərlərindən yan keçməklə bu sənədin səsverməyə çıxarılmasını dəstəkləmişdi. Səsvermənin özünün bu həftə baş tuta biləcəyi gözlənilir.

Sənəd Rusiyaya qarşı Amerikanın məhdudlaşdırıcı tədbirlərinin gücləndirilməsinə və onların uzunmüddətli perspektivdə qüvvədə qalmasının təmin edilməsinə yönəlmiş bir sıra tədbirləri ehtiva edir. Onların arasında dövlətin yüksək vəzifəli şəxslərinə, silahlı qüvvələrin nümayəndələrinə, Rusiyanın ən iri banklarına, energetika və dağ-mədən sənayesi müəssisələrinə qarşı məhdudiyyətlər var. Bundan əlavə, sənəd Amerika hakimiyyətini "Rusiyadan ABŞ-yə idxal edilən bütün mal və xidmətlərə" 500 % həcmində rüsumlar müəyyən etməyə, həmçinin Rusiya xammalından istehsal olunan istənilən neft məhsullarının idxalına qadağa qoymağa məcbur edir.

Qanun layihəsinə Ukraynaya və bir sıra digər dövlətlərə hərbi dəstəyin göstərilməsi üzrə tədbirlər kompleksi daxil edilib. Xüsusilə ABŞ-nin müdafiə büdcəsində 2026 və 2027-ci illərdə Kiyevə hər il 300 milyon dolların ayrılması haqqında müddəaların təsbit edilməsi, habelə silah və digər yardımların sadələşdirilmiş qaydada tədarükünü təmin edən Ukrayna üçün lend-liz haqqında qanunun müddətinin 2028-ci ilə qədər uzadılması nəzərdə tutulur. Bundan başqa, sənəd Ukraynaya və NATO üzrə müttəfiqlərə sadələşdirilmiş sxem üzrə 2026-cı ildə 8 milyard dollara qədər hərbi kreditlərin verilməsi imkanını, eləcə də Baltikyanı dövlətlərin müdafiə potensialının artırılması üzrə bir sıra proqramların həyata keçirilməsini ehtiva edir.

Konqres üzvləri ABŞ-nin Ukraynaya və onun ərazisindən həyata keçirilən yükdaşımalarına cəlb olunmuş gəmilərin sığortalanmasına kömək göstərməsini, ölkənin bərpasına dəstək fondunun təsis edilməsini və Dövlət Departamentində bu istiqamət üzrə məsul koordinatorun təyin olunmasını təklif edirlər. Qanun layihəsi həmçinin Ukraynanın maraqları naminə Rusiyaya qarşı informasiya müqaviməti proqramlarının maliyyələşdirilməsi üçün fondun yaradılmasını nəzərdə tutur.

Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Rusiya  


Bizi "telegram"da izləyin