Ordu.az xəbər verir ki, on milyonlarla avro dəyərində qiymətləndirilən müqavilələr şirkətin Avropadakı sursat istehsalı imkanlarını genişləndirmək strategiyasının mühüm hissəsi hesab olunur.
CSG bildirib ki, bu müqavilələr Avropada kritik müdafiə komponentlərinə olan tələbatın artdığını və dayanıqlı təchizat zəncirlərinin əhəmiyyətini bir daha nümayiş etdirir.
Qeyd olunub ki, artilleriya sursatlarının ən vacib komponentlərindən biri olan partladıcılar sursatın nə vaxt və hansı formada partlayacağını müəyyən edir.
Xüsusilə 155 mm-lik artilleriya sursatlarında istifadə olunan müasir elektron partladıcılar zərbə anında, gecikdirilmiş rejimdə, vaxt təyin etməklə və ya müəyyən edilmiş hündürlükdə hava partlayışı formasında fəaliyyət göstərə bilir.
Mexaniki partladıcılarla müqayisədə daha yüksək dəqiqlik təmin edən elektron sistemlər müasir atəş idarəetmə sistemləri ilə daha uyğun işləyir, sursatın effektivliyini və etibarlılığını artırır.
CSG elektron partladıcıların istehsalı üçün Cənubi Afrika Respublikasının “Reunert” şirkəti ilə birlikdə “Fuchs Electronics Europe” adlı yeni şirkət yaradacağını da açıqlayıb.
İstehsalın Slovakiyanın Dubnitsa nad Vahom şəhərində yerləşən ZVS müəssisələrində həyata keçirilməsi planlaşdırılır. Şirkət mövcud sənaye infrastrukturundan istifadə etməklə Avropadakı elektron partladıcı istehsalı imkanlarını genişləndirməyi hədəfləyir.
Yeni müəssisə yalnız CSG-nin ehtiyaclarını qarşılamayacaq, eyni zamanda Avropanın digər iriçaplı sursat istehsalçılarını da məhsullarla təmin edəcək.
CSG Müdafiə Sistemləri bölməsinin baş direktoru Yan Marinov bildirib ki, elektron partladıcılar iriçaplı sursat istehsalında strateji əhəmiyyət daşıyan komponentlər sırasındadır.
Onun sözlərinə görə, bu müqavilələr CSG-nin iriçaplı sursat və kritik komponentlərin istehsalında Avropanın əsas oyunçularından biri olduğunu təsdiqləyir.
Marinov qeyd edib ki, elektron partladıcılar strateji əhəmiyyətli və texnoloji baxımdan son dərəcə mürəkkəb sistemlərdir. O bildirib ki, “Fuchs Electronics Europe” şirkəti “Fuchs”un texnoloji təcrübəsini və CSG-nin Slovakiyadakı sənaye infrastrukturunu bir araya gətirərək bu layihələrdə mühüm rol oynayacaq.
Marinov əlavə edib ki, Avropa müdafiə sənayesi yalnız sursat istehsalını deyil, sursatların kritik alt komponentlərinin istehsal gücünü də artırmalıdır.
Sevinc Əliyeva
Ordu.az