“Bu gün meydanda dövlət borcunu gördünüz” - Paşinyan

2026/05/1779972562.jpg
Oxunub: 553     16:47     28 May 2026    
Ermənistanın Baş naziri Nikol Paşinyan dövlət borcunun artmasının səbəblərini izah edib.

Ordu.az xəbər verir ki, bu barədə o, mayın 28-də bayram paradından sonra jurnalistlərlə keçirilən brifinqdə danışıb.

Paşinyan bildirib ki, müxalifət Ermənistanın müdafiəsiz qaldığını, ordunun olmadığını və hakimiyyətin ordunu dağıtdığını iddia edir.

Paşinyan isə onların miras qoyduğu ordunun artıq dağılmış vəziyyətdə olduğunu vurğulayıb.

“Bu gün meydanda dövlət borcunu gördünüz. Dediyim “konserv bankası toyuqları” ifadəsi təkcə qorxaqlara aid deyil. Silahların 70 faizi tam aşınma həddində idi. Bu gün isə Respublika meydanında ilk istifadəçisi bizim olmadığımız və Ermənistan üçün istehsal edilməmiş bir dənə də olsun texnika görmədiniz”, - deyə Paşinyan bildirib.

O qeyd edib ki, nümayiş etdirilən silahların milyardlarla dollar dəyəri var.

Paşinyan dövlət borcunun məhz bu silahlanma proqramları və maliyyə paketləri səbəbindən artdığını vurğulayıb.

Onun sözlərinə görə, bir çox istehsalçılar məhsulların yalnız kredit paketləri çərçivəsində alınmasını şərt kimi irəli sürürlər.

“Bu supermarket deyil ki, gedib kartı verəsən və deyəsən ki, bunu alıram. Onların öz iqtisadi mexanizmləri və maraqları var. Deyirlər ki, istəyirsinizsə, bu mexanizmlə alın, çünki başqa mexanizmdə qiymətlər fərqli olur”, - deyə Paşinyan bildirib.

O deyib ki, bu proseslərin çoxsaylı mürəkkəb və gizli tərəfləri var və onların hamısını açıqlamaq mümkün deyil.

Paşinyan qeyd edib ki, illərlə dövlət borcunun iki dəfə artırıldığını deyənlərə cavab olaraq bu gün həmin borcun nəticəsi meydanda nümayiş etdirilib.

Ermənistan Baş naziri, həmçinin bildirib ki, Şimal-Cənub avtomobil yolu tam şəkildə dövlət borcu hesabına tikilir.

“Bu layihənin ilk gündən kredit vəsaitləri hesabına həyata keçirilməsi planlaşdırılıb və bu, Ermənistanın hüquqi öhdəliyidir”, - deyə Paşinyan vurğulayıb.

O qeyd edib ki, hazırda Aqarak-Qacaran hissəsi tikilir, daha sonra isə Barguşat tuneli və Sisyan-Qacaran hissəsi inşa olunacaq.

Bununla yanaşı, o, Zəngəzurun təhvil veriləcəyi barədə ittihamları da rədd edib.

“Zəngəzuru təhvil verən Köçəryan indi gəlib bizi Zəngəzuru təhvil verməkdə ittiham edir”, - deyə Paşinyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan  


Bizi "telegram"da izləyin