İran Prezidenti: “Ali Rəhbərin razılığı olmadan heç bir qərar qəbul edilmir”

2026/02/1771952416.jpg
Oxunub: 377     21:50     24 May 2026    
İran Prezidenti Məsud Pezeşkian milli birliyi ölkənin böhran və təhdidlərin öhdəsindən gəlməsi üçün ən mühüm resurs adlandırıb.

Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, o, İranda heç bir qərarın İslam İnqilabının Ali Rəhbərinin icazəsi olmadan qəbul edilmədiyini vurğulayıb.

İran İslam Respublikasının Radio və Televiziya Şirkətinin IRIB rəhbəri ilə görüşdə Pezeşkian bildirib ki, ölkənin sabitliyi çətin dövrlərdə xalqla hakimiyyət sisteminin dayaqları arasında həmrəylik və qarşılıqlı anlaşma sayəsində təmin olunub.

Onun sözlərinə görə, bu gün İran üçün əsas narahatlıq müharibə, raketlər və bombardmanlar deyil, sakitliyin, birliyin və sosial həmrəyliyin qorunmasıdır.

Pezeşkian əlavə edib ki, çoxsaylı çağırışlara baxmayaraq, parçalanma və fikir ayrılığına səbəb olmamaq üçün bir çox məsələləri ictimailəşdirməkdən çəkinir.

O vurğulayıb ki, milli birliyin qorunması hərbi və təhlükəsizlik məsələlərindən daha önəmlidir.

İran Prezidenti qeyd edib ki, o, həmişə Ali Rəhbərin mövqeyinə zidd fikir bildirməməyə və hakimiyyət daxilində fikir ayrılıqlarını dərinləşdirə biləcək, yaxud düşmən tərəfindən istifadə oluna biləcək mövqe tutmamağa çalışıb.

“İranda heç bir qərar Ali Milli Təhlükəsizlik Şurasının çərçivəsindən kənarda və Ayətullah Seyid Müctəba Xameneyinin koordinasiyası və icazəsi olmadan qəbul edilmir. Diplomatiya sahəsində qərar qəbul ediləndə bütün institutlar, platformalar və siyasi cərəyanlar bu qərarı dəstəkləməlidir ki, dünya qarşısında İslam Respublikasının vahid səsi təqdim olunsun”, - deyə o əlavə edib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   Xameneyi  


Bizi "telegram"da izləyin