Lyayen: “İrana nüvə silahı əldə etməyə imkan verilməməlidir”

2026/04/1777539900.jpg
Oxunub: 370     21:41     24 May 2026    
Avropa Komissiyasının sədri Ursula fon der Lyayen ABŞ və İran arasında razılaşmaya doğru irəliləyiş məsələsinə münasibət bildirib.

Ordu.az xəbər verir ki, o, bununla bağlı “X” sosial şəbəkəsində paylaşım edib.

Fon der Lyayenin sözlərinə görə, münaqişənin deeskalasiyasına, Hörmüz boğazının yenidən açılmasına və tam naviqasiya azadlığının təmin olunmasına gətirib çıxaracaq real sazişə ehtiyac var.

O vurğulayıb ki, İrana nüvə silahı yaratmağa yol vermək olmaz.

Avropa Komissiyasının sədri əlavə edib ki, Tehran həm də regionda birbaşa və ya proksi qüvvələr vasitəsilə apardığı sabitliyi pozan fəaliyyətləri dayandırmalıdır.

Onun sözlərinə görə, İran qonşularına qarşı əsassız və təkrarlanan hücumlarına da son qoymalıdır.

Fon der Lyayen qeyd edib ki, Avropa beynəlxalq tərəfdaşlarla birlikdə bu andan istifadə edərək uzunmüddətli diplomatik həll tapmaq üçün işləməyə davam edəcək.

O əlavə edib ki, məqsəd həm də münaqişənin yayılmasının, xüsusilə tədarük zəncirlərinə və enerji daşıyıcılarının qiymətlərinə təsirinin qarşısını almaqdır.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Lyayen   İran  


Bizi "telegram"da izləyin