Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bununla bağlı briqada generalı Əhməd Vahidi bazar günü müraciət yayıb.
Müraciət strateji əhəmiyyətli liman şəhəri Xorrəmşəhrin Səddam Hüseyn dövründə İraq qoşunlarından azad olunmasının 44-cü ildönümünə, eləcə də Müqavimət, Fədakarlıq və Qələbə Milli Gününə həsr edilib.
Vahidi son ABŞ-İsrail müharibəsini “üçüncü məcburi müharibə” adlandırıb.
O bildirib ki, İran xalqı “sionist-amerikan düşməninin terror hücumundan” sonra yenidən qələbə qazanıb.
Komandanın sözlərinə görə, həmin hücum nəticəsində İranın ali rəhbəri Ayətullah Seyid Əli Xameneyi, hərbi komandirlər, rəsmilər və Minab məktəbli qızları həlak olublar.
O bəyan edib ki, düşmən 40 günlük “sarsıdıcı müqavimət” və İran silahlı qüvvələrinin “qətiyyətli və dağıdıcı cavabı” ilə üzləşdikdən sonra nəhayət “alçaldılmış şəkildə” atəşkəs axtarmağa məcbur olub.
Vahidi əlavə edib ki, indi düşmən İran xalqının öldürülmüş ali rəhbər üçün qisas almaq əzminin şahididir.
SEPAH komandanı son qarşıdurmanı “hibrid müharibə” adlandırsa da, vurğulayıb ki, İran silahlı qüvvələrinin xalqın dəstəyi ilə güclənən qətiyyətli cavabı düşmənin məqsədlərini puça çıxarıb və onun “şeytani niyyətlərini” zərərsizləşdirib.
Vahidi bildirib ki, Xorrəmşəhrin dərsi daxili gücə söykənmək və aktiv çəkindirmə siyasətidir.
Onun sözlərinə görə, İranın nüvə, raket, müdafiə və hücum potensialı sahəsində qazandığı uğurlar düşmənləri öz hesablamalarını yenidən nəzərdən keçirməyə məcbur edib.
Komandan qeyd edib ki, İran xalqının qətiyyətli iştirakı ölkənin ən böyük strateji sərvətidir və düşmən planlarına, eləcə də sızma cəhdlərinə qarşı sarsılmaz sipərdir.
O əlavə edib ki, İran silahlı qüvvələri hazırda raket, hava, dəniz, quru, kosmik və kiber sahələrdə ən yüksək hazırlıq və aktiv çəkindirmə səviyyəsindədir.
“Düşmən tərəfindən yenidən başlanacaq istənilən aqressiya regional və regiondankənar miqyasda dağıdıcı və cəhənnəmi xatırladan cavabla qarşılanacaq”, - deyə Vahidi xəbərdarlıq edib.
Sevinc Əliyeva
Ordu.az