“Bloomberg”: ABŞ İran üzərində sanksiya təzyiqi imkanlarını demək olar ki, tükədib

2026/05/1779340589.jpg
Oxunub: 522     16:07     24 May 2026    
ABŞ-nin İran məsələləri üzrə keçmiş xüsusi elçi müavini və Dövlət Departamentinin sabiq sanksiya siyasəti koordinatoru Riçard Nefyu bəyan edib ki, Vaşinqtonun İrana sanksiya təzyiqi göstərmək imkanları faktiki olaraq tükənib.

Ordu.az “Bloomberg”ə istinadən xəbər verir ki, Nefyu bunu agentliyə müsahibəsində deyib.

Onun sözlərinə görə, İran iqtisadiyyatına qarşı genişmiqyaslı məhdudiyyətlərə baxmayaraq, uzun illər davam edən iqtisadi təzyiq strategiyası artıq istənilən nəticəni vermir.

“Biz sadəcə sanksiyalar və iqtisadi təzyiqlə nəyə nail ola biləcəyimizin sərhədinə çatmışıq”, - deyə o bildirib.

Nefyu qeyd edib ki, hazırkı Amerika kampaniyası – “Economic Fury” mahiyyət etibarilə İrana prinsipial olaraq yeni heç nə təklif etmir və böyük ölçüdə Donald Trampın ilk prezidentlik dövründə tətbiq olunan əvvəlki “maksimum təzyiq” strategiyasını təkrarlayır.

Keçmiş rəsminin fikrincə, ya İranı tamamilə yeni bir alətlə sarsıtmaq lazımdır, ya da Vaşinqton öz ambisiyalarını məhdudlaşdırmağa başlamalıdır.

“Bloomberg” yazır ki, minlərlə sanksiyaya baxmayaraq, İran neft ixracını qoruyub saxlamaqla məhdudiyyətlərə uyğunlaşa bilib. Bu, ilk növbədə Çinə tədarüklərin davam etməsi, həmçinin alternativ maliyyə və logistika sxemlərindən istifadə hesabına mümkün olub.

Agentlik qeyd edir ki, Vaşinqtonda getdikcə daha çox etiraf edilir: sanksiya təzyiqinin daha da gücləndirilməsi daha sərt addımlar olmadan məhdud təsir göstərə bilər.

Həmin sərt addımlar isə qlobal enerji bazarlarına və ABŞ-Çin münasibətlərinə təsir edə bilər.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   İran  


Bizi "telegram"da izləyin