Ordu.az “Tasnim”ə istinadən xəbər verir ki, bu barədə “Hizbullah” hərəkatının bəyanatında deyilir.
Bildirilib ki, son 24 saat ərzində İsrailə qarşı 12 hücum həyata keçirilib. Hücumlar hərbi texnikaya, pilotsuz uçuş aparatlarının qarşısını alan sistemlərə və İsrailin hava hücumundan müdafiə üzrə “Dəmir Günbəz” sisteminin buraxılış qurğularına zərbələri əhatə edib.
Məlumata görə, bu hücumlar İsrailin “atəşkəs rejimini pozması”na və cənub kəndlərinə zərbələr endirməsinə cavab olaraq həyata keçirilib.
“Hizbullah” bəyan edib ki, pilotsuz uçuş aparatları vasitəsilə Livanın cənubundakı Bint-Cubeyl şəhərində İsrailin hərbi mühəndislik maşını vurulub.
Hərəkatın açıqlamasına əsasən, onun qüvvələri İsrailin şimalında yerləşən Cəbəl əl-Ələm təlim poliqonunda texniki qurğuya və komanda maşınına da zərbə endirib.
“Hizbullah”ın məlumatına görə, İsrailə məxsus “Heron 1” pilotsuz uçuş aparatı Livanın Bəqaa bölgəsində “yer-hava” tipli raketlə vurulub və bu, onun həmin rayonu tərk etməsinə səbəb olub.
Hərəkat, həmçinin “Dəmir Günbəz” sisteminin Branit və Ramim kazarmalarındakı dörd buraxılış qurğusuna, eləcə də Nimr əl-Camal, əl-Cərda və Nakurada yerləşən üç antidron sisteminə zərbə endirdiyini bildirib.
“Hizbullah” əlavə edib ki, artilleriya və pilotsuz uçuş aparatlarının tətbiqi ilə Deyr-Siryan və Bəyyadda toplaşmış İsrail hərbçilərinin qrupları da hədəfə alınıb.
Sevinc Əliyeva
Ordu.az