İran parlamentinin sədri Xorrəmşəhri xatırladıb və ölkənin rəqiblərinə xəbərdarlıq edib

2026/03/1774783332.jpg
Oxunub: 392     11:41     24 May 2026    
İran parlamentinin sədri Məhəmməd Baqir Qalibaf bəyan edib ki, müasir iranlı hərbçilər İran-İraq müharibəsi zamanı Xorrəmşəhri azad edən nəsilin ənənələrini davam etdirirlər və yeni sınaqlara hazırdırlar.

Ordu.az “Mehr”ə istinadən xəbər verir ki, Qalibaf bu fikirləri Xorrəmşəhrin azad edilməsinin ildönümü münasibətilə yaydığı müraciətdə səsləndirib.

O bildirib ki, bugünkü döyüşçülər öz qətiyyətləri və cəsarətləri ilə dünyanı heyrətləndiriblər.

Parlament sədri vurğulayıb ki, İran hərbçilərinin gənc nəsli əvvəlki illərin komandirlərinin xatirəsini yaşadır və onların yolunu davam etdirir.

Qalibaf həmçinin bəyan edib ki, İranı yeni çağırışlar gözləyir, lakin ölkə bunları “iman, iradə, cəsarət, peşəkarlıq və qətiyyət” sayəsində aşa biləcək.

O, çıxışında Qasım Süleymani də daxil olmaqla bir sıra tanınmış iranlı hərbi xadimləri yad edərək onları müqavimət və milli birliyin simvolları adlandırıb.

Çıxışın əsas hissəsi 1982-ci ildə Xorrəmşəhrin azad edilməsinin ildönümünə həsr olunub. Qalibaf bu hadisəni İran-İraq müharibəsinin ən mühüm epizodlarından biri kimi qiymətləndirib və bildirib ki, həmin əməliyyat dünyaya göstərib ki, İran ağır hərbi münaqişə şəraitində qarşısına qoyduğu məqsədlərə nail olmağa qadirdir.

O, həlak olmuş iranlı komandirlər Əhməd Kazemi və Əli Səyyad Şirazini də xatırladıb. Qalibaf onların fəaliyyətini “mümkünsüzün mümkünə çevrilməsi”nin nümunəsi adlandırıb.

Sonda parlament sədri ölkə vətəndaşlarını Xorrəmşəhrin azad olunmasının ildönümü münasibətilə təbrik edib və həlak olan hərbçilərin, eləcə də müharibə iştirakçılarının xatirəsini anıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İran   Xorrəmşəhr   ABŞ  


Bizi "telegram"da izləyin