Ordu.az “The New York Post”a istinadən xəbər verir ki, bu barədə nəşr insidentin təfərrüatlarını açıqlayıb.
Məlumata görə, 21 yaşlı Nasir Best yerli vaxtla təxminən saat 18:10-da 17-ci şimal-qərb küçəsində qəribə şəkildə irəli-geri gəzişərkən müşahidə olunub.
Daha sonra o, tapançadan keçid məntəqəsi istiqamətində atəş açıb.
Nəşrin mənbələri bildiriblər ki, Best cəmi bir neçə atəş aça bilib və daha sonra federal əməkdaşların açdığı güllə yağışı nəticəsində öldürülüb.
Mənbələrin sözlərinə görə, atışma zamanı ən azı bir təsadüfi yoldan keçən şəxs yaralanıb. Hücumun motivi rəsmi şəkildə təsdiqlənməsə də, mənbələr Bestin psixi vəziyyəti pozulmuş şəxs olduğunu və onun müxtəlif keçid məntəqələri yaxınlığında daim dolaşdığı üçün Məxfi Xidmətə yaxşı tanış olduğunu bildiriblər.
Qeyd edilir ki, o, həmçinin Ağ Evdən uzaq durmaqla bağlı daha əvvəl çıxarılmış məhkəmə qərarını da pozub.
Atəş səsləri Ağ Evdə növbəti reportajlarını hazırlayan media nümayəndələrini vahiməyə salıb. Bunların arasında canlı yayım zamanı sığınacağa qaçan ABC müxbiri də olub.
“ABC”nin Ağ ev üzrə baş müxbiri Selina Vanq bildirib ki, Ağ Evin Şimal çəmənliyindən “iPhone”la video çəkərkən atəş səsləri eşidiblər. Onun sözlərinə görə, sanki onlarla atəş açılmışdı və jurnalistlərə brifinq zalına qaçmaq tapşırılıb.
Məxfi Xidmət dərhal Ağ Evdə karantin rejimi elan edib və jurnalistlərə Şimal çəmənliyinə toplaşaraq brifinq zalına keçmək göstərişi verib. Təxminən yarım saat sonra karantin ləğv olunub.
Bildirilir ki, Məxfi Xidmət əməkdaşları tərəfindən zərərsizləşdirilən Best bundan əvvəl də hüquq-mühafizə orqanlarının diqqətinə düşüb. Belə ki, o, iyunun 26-da nəqliyyat vasitələrinin hərəkətinə mane olduğuna görə məcburi qaydada saxlanılıb, iyulun 10-da isə qanunsuz daxilolmaya görə yenidən həbs edilib. Həmin insident zamanı Best Ağ Evin piyada keçid məntəqəsini çıxış turniketindən keçərək adlamış və saxlanılarkən qəribə bəyanatlar vermişdi.
Məhkəmə sənədlərində qeyd olunur ki, Best özünü İsa Məsih hesab etdiyini və həbs olunmaq istədiyini bildirirdi.
Sevinc Əliyeva
Ordu.az