Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.
Məlumata görə, RFA “Lyme Bay” kral donanmasının desant gəmisində yüzlərlə britaniyalı hərbçi yerləşdirilib və onlar Fars körfəzinə göndərilmə əmrini gözləyirlər.
Hazırlıqlar İran ətrafında davam edən böhran fonunda həyata keçirilir. Fevralın 28-də ABŞ və İsrail ilə müharibənin başlamasından sonra Tehran faktiki olaraq Hörmüz boğazını bağlayıb.
Qeyd olunur ki, boğaz neft, mayeləşdirilmiş qaz və gübrələrin daşınması üçün dünyanın ən mühüm marşrutlarından biridir.
Britaniyanın silahlı qüvvələr üzrə naziri El Karns bildirib ki, ən azı 6 min gəmi boğazdan keçə bilmir və bu vəziyyət artıq dünya iqtisadiyyatı ilə enerji bazarlarına ciddi təsir göstərib.
ABŞ Prezidenti Donald Tramp daha əvvəl NATO müttəfiqlərini İrana qarşı ABŞ kampaniyasına kifayət qədər dəstək verməməkdə sərt tənqid etmişdi. O, mart ayında Avropa ölkələrinə neft tədarükünün təhlükəsizliyini və Hörmüz boğazına nəzarəti özlərinin təmin etməli olduğunu bildirmişdi.
Tramp xüsusilə Böyük Britaniyanı tənqid edərək Britaniya donanmasını “oyuncaq”, Baş nazir Kir Starmeri isə “Çörçill olmayan şəxs” adlandırmışdı. Hazırda London və Paris bölgədə gəmiçiliyin təhlükəsizliyini təmin etmək üçün mümkün beynəlxalq əməliyyatı müzakirə edir.
Bununla belə, Britaniya hakimiyyəti vurğulayır ki, əməliyyat yalnız döyüşlərin dayandırılması və İran ilə razılaşmanın əldə olunmasından sonra başlaya bilər. Tramp isə razılaşmanın artıq “böyük ölçüdə razılaşdırıldığını”, lakin yekun detallarla bağlı müzakirələrin davam etdiyini bildirib.
RFA “Lyme Bay” gəmisinə artıq sursatlar və mina axtarışı üçün qabaqcıl pilotsuz sistemlər yüklənir. Gəminin HMS “Dragon” esminesi və digər müttəfiq qüvvələrlə birləşərək Süveyş kanalı vasitəsilə Fars körfəzinə yola düşəcəyi bildirilib. Mina təhlükəsinə qarşı mübarizə bölməsinin komandiri Cemma Britton qeyd edib ki, İran müxtəlif növ dəniz minalarından istifadə edə bilər.
Onun sözlərinə görə, bu minalar dibə yerləşdirilən, bağlanan və ya reaktiv tipli ola bilər. Bəziləri səsə, hərəkətə və ya işığa reaksiya vermək qabiliyyətinə malikdir.
Britaniya donanması təhlükələrin aşkarlanması üçün hidroaxtarış sistemləri ilə təchiz edilmiş avtonom sualtı aparatlarından istifadə edir. Bu texnologiya dəniz dibinin ənənəvi ekipajlı gəmilərlə müqayisədə daha sürətli və təhlükəsiz araşdırılmasına imkan verir.
Avadanlıqların bir hissəsi RFA “Lyme Bay” gəmisindən buraxılan kiçik pilotsuz katerlərdə yerləşdirilir və əsas gəmi potensial mina sahəsindən uzaqda qalarkən onlar avtonom fəaliyyət göstərə bilir. Britaniya hərbçiləri aşkarlanmış minaların üzərinə partlayıcı yerləşdirə bilən məsafədən idarə olunan sualtı aparatları da sınaqdan keçirirlər.
Britton bildirib ki, ilkin mərhələdə əsas məqsəd təxminən 700 gəminin boğazı tərk etməsi üçün nəqliyyat dəhlizinin açılması olacaq. Daha sonra yeni gəmilərin daxil olması üçün əks istiqamətdə marşrutun açılması planlaşdırılır. Hərbçilərin qiymətləndirməsinə görə, Hörmüz boğazının tam şəkildə minalardan təmizlənməsi aylar, hətta illər çəkə bilər.
Britaniya hakimiyyəti hazırda boğazda minaların mövcudluğunu təsdiqləyən sübutların olmadığını da etiraf edir. El Karns bildirib ki, sığorta şirkətləri və beynəlxalq gəmiçilik sektoru üçün ehtimallar kifayət deyil və marşrutun təhlükəsizliyinə dair tam əminlik lazımdır. Əməliyyatın nə vaxt başlayacağı isə hələ məlum deyil. Karns qeyd edib ki, Britaniya qüvvələri “istənilən anda” yerləşdirilməyə hazırdır, lakin siyasi qərar gözlənilir.
Sevinc Əliyeva
Ordu.az