Pezeşkian: “ABŞ bu münaqişədə qələbə qazanmayacaq, yeganə maraqlı tərəf İsraildir”

2026/05/1779600024.jpg
Oxunub: 476     09:19     24 May 2026    
İran Prezidenti Məsud Pezeşkian bildirib ki, İran İslam Respublikası ABŞ ilə danışıqlarda yalnız öz qanuni hüquqlarını bərpa etməyə çalışır.

Ordu.az xəbər verir ki, bu barədə “Press TV” məlumat yayıb.

Pezeşkian qeyd edib ki, amerikalılarla danışıqların əvvəlki təcrübəsi Tehranı son dərəcə ehtiyatlı davranmağa məcbur edir.

İran Prezidenti şənbə günü Pakistan İslam Respublikasının ordu komandanı, feldmarşal Asim Munirlə görüşündə ona və hökumətinə regional sabitlik və təhlükəsizliyin təmin olunması istiqamətində göstərilən səylərə görə təşəkkür edib.

Pezeşkian vurğulayıb ki, müsəlmanlar praktik həllər, eləcə də iqtisadi, sosial, siyasi və mədəni əməkdaşlığın genişləndirilməsi yolu ilə İslam dünyasının birliyinə və həmrəyliyinə çalışmalıdırlar.

İran Prezidenti həmçinin bildirib ki, Tehran beynəlxalq hüquqi çərçivələrə sadiq qalır. “Biz yalnız xalqımızın qanuni hüquqlarını bərpa etməyə çalışırıq, lakin ABŞ ilə danışıqlar tariximiz və təcrübəmiz bizdən maksimum ehtiyatlılıq tələb edir”, - deyə o qeyd edib.

Pezeşkian müharibənin heç vaxt heç kimə fayda vermədiyini vurğulayıb. “ABŞ bu münaqişədə qələbə qazanmayacaq. Region və dünya ölkələri ciddi itkilərlə üzləşəcək. “Sionist rejim” bölgədə öz maraqlarını təmin etmək üçün müharibəyə can atan yeganə tərəfdir”, - deyə İran Prezidenti bildirib.

O əlavə edib ki, İran ABŞ-yə öhdəliklərini dəfələrlə pozduğuna, danışıqlar zamanı hücumlar həyata keçirdiyinə və iranlı rəsmilərin öldürülməsinə görə etibar etmir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pezeşkian   ABŞ   İsrail  


Bizi "telegram"da izləyin