Ordu.az xəbər verir ki, bu barədə “Daily Mail” nəşri məlumat yayıb.
Çıxışının əvvəlində Heqset ABŞ prezidenti Donald Trampın danışıq tərzini təqlid edərək zarafat edib. O, Tramp üslubunda kiçik intizam pozuntularına yol vermiş kursantlara “tam və qeyd-şərtsiz əfv” elan edib.
Zal bu zarafatı gülüş və alqışlarla qarşılayıb. Bundan sonra müdafiə naziri çıxışının siyasi hissəsinə keçib. Heqset ABŞ ordusunun əvvəlki rəhbərliyini irq, cins və “müxtəliflik və inklüzivlik” siyasətinə həddindən artıq diqqət ayırmaqda sərt tənqid edib.
Onun sözlərinə görə, silahlı qüvvələr ideoloji eksperimentlərlə deyil, müharibəyə hazırlıqla məşğul olmalıdır. Nazir “Müxtəlifliyimiz bizim gücümüzdür” şüarını müasir ABŞ ordusunun ən uğursuz ideyalarından biri adlandırıb və ordunun əsl gücünün birlik və intizamda olduğunu bildirib.
Heqset qeyd edib ki, ABŞ ordusu son illərdə tələblərin azaldılması və diqqətin döyüş hazırlığından siyasi və sosial mövzulara yönəlməsi ilə müşayiət olunan “yavaş tənəzzül” yaşayıb. Nazir həmçinin ABŞ Hərbi Akademiyasında inklüzivlik proqramlarının tətbiqini tənqid edib və bildirib ki, təhsil müəssisəsini hərbi məktəb əvəzinə siyasi fəal universitetə çevirməyə çalışıblar.
O, orduda gender kimliyi ilə bağlı müzakirələri də istehza ilə qarşılayaraq bildirib ki, döyüş meydanında əsas olan hazırlıq və effektivlikdir, siyasi və ya şəxsi özünüidentifikasiya deyil. Heqset vurğulayıb ki, gələcək zabitlər irqi və ya gender kvotaları ilə deyil, peşəkar keyfiyyətləri ilə qiymətləndirilməlidir.
O əlavə edib ki, ordu yalnız döyüş hazırlığına fokuslanmalıdır. Nazir həmçinin döyüş şəraitində çətin qərarlar qəbul edən komandirləri dəstəkləyəcəyini və zabitlərin artıq hərəkətlərinin siyasi nəticələrindən qorxmamalı olduqlarını bildirib.
Sevinc Əliyeva
Ordu.az