ABŞ qüvvələri Venesuelanın paytaxtında sürətli reaksiya təlimləri keçirib, venesuelalılar etiraz aksiyasına çıxıblar

2026/05/1779599931.jpg
Oxunub: 436     09:12     24 May 2026    
ABŞ Silahlı Qüvvələri şənbə günü Venesuelanın paytaxtı Karakasda dəniz piyadaları və hərbi aviasiyanın iştirakı ilə sürətli reaksiya təlimləri keçirib.

Ordu.az xəbər verir ki, bu barədə “Associated Press” agentliyi məlumat yayıb.

Məlumata görə, təlimlər keçmiş prezident Nikolas Maduronun devrilməsindən dörd aydan çox vaxt sonra baş tutub.

Dəniz Piyadaları Korpusuna məxsus, xüsusiyyətlərinə görə həm helikopteri, həm də sabitqanadlı təyyarəni xatırladan iki “Osprey” təyyarəsi Karakasda yenidən açılmış ABŞ səfirliyinin üzərindən uçub.

Təyyarələr avtomobil dayanacağında eniş edib və aşağı yönəlmiş hava axını ağac budaqlarını qırıb. Daha sonra hərbçilər təyyarədən eniblər. Venesuela hökuməti həftənin əvvəlində təlimlərin keçiriləcəyini açıqlamışdı.

Xarici işlər naziri İvan Xil ABŞ-nin “təcili tibbi yardım və ya fəlakətli vəziyyətlərə” hazırlıq məqsədilə təlimlər keçirəcəyini bildirib. Qeyd olunub ki, təlimlər Karakasdakı ABŞ səfirliyinin rəsmi açılışından təxminən iki ay sonra başlayıb.

Səfirliyin yenidən açılması yanvarın əvvəlində Maduro devrildikdən sonra iki ölkə arasında tam diplomatik münasibətlərin bərpasından sonra baş verib. Karakasın bir neçə sakini təyyarəni izləmək üçün səfirlik yaxınlığında toplaşıb, onlarla digər şəxs isə şəhərin müxtəlif hissələrində şənbə günü keçirilən təlimlərə etiraz etmək üçün aksiyalar təşkil edib.

Etirazçılar üzərində “Amerikalıların təlimlərinə yox” yazılmış Venesuela bayraqları qaldırıblar. ABŞ hərbi təyyarələri sonuncu dəfə yanvarın 3-də Karakas üzərində uçmuşdu. Həmin vaxt elit qüvvələr helikopterlərdən enərək Venesuela prezidenti Nikolas Maduro və onun həyat yoldaşı Siliya Floresi saxlamışdı.

Onlar daha sonra Nyu-Yorka aparılıb və narkotik vasitələrin qanunsuz dövriyyəsi ittihamı ilə mühakimə olunublar. Hər iki şəxs ittihamları qəbul etməyib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ABŞ   Venesuela  


Bizi "telegram"da izləyin