Danimarkanın yeni hökumətini formalaşdırmaq mandatı Mette Frederiksenə verilib

2026/05/1779599630.jpg
Oxunub: 425     09:05     24 May 2026    
Danimarkanın Baş naziri Mette Frederiksen kral yanında keçirilən və ölkədə “kral raundu” kimi tanınan siyasi məsləhətləşmələrdən sonra yeni hökuməti formalaşdırmaq mandatı alıb.

Ordu.az xəbər verir ki, bu barədə DR telekanalı məlumat yayıb.

Məlumata görə, Frederiksenin “kral tədqiqatçısı”, yəni koalisiya formalaşdırmağa cəhd etməli olan siyasətçi kimi namizədliyi Sosial-demokratlar, Sosialist Xalq Partiyası, Radikal Venstre, “Alternativ”, “Qırmızı-yaşıl alyans” və “Mötədillər” partiyaları tərəfindən dəstəklənib.

Ümumilikdə ona parlamentin 98 deputatı dəstək verib. Bildirilir ki, Frederiksen Sosial-demokratlar, “Mötədillər”, Radikal Venstre və Sosialist Xalq Partiyasının iştirakı ilə sol-mərkəzçi hökumət formalaşdırmaq niyyətindədir.

Dörd partiya arasında danışıqların sabah başlayacağı qeyd olunub. Bu, mümkün gələcək koalisiyanın bütün iştirakçılarının ilk birgə görüşü olacaq. Frederiksen “bu layihəyə inandığını” bildirib və danışıqları intensiv rejimdə aparmaq niyyətində olduğunu vurğulayıb. Siyasi məsləhətləşmələr zamanı “Mötədillər” partiyasının lideri Lars Lökke Rasmussen sərt tənqid olunub.

Sağ və liberal partiyaların nümayəndələri onu Troels Lund Poulsenin son ana qədər formalaşdırmağa çalışdığı alternativ sağ-mərkəzçi koalisiyanı dəstəkləməkdən imtina etməkdə ittiham ediblər. “Danimarka Demokratları” partiyası Rasmussenin hərəkətlərini “ağrılı xəyanət” adlandırıb və onun üçün siyasi prinsiplərdən daha çox şəxsi maraqların önəmli olduğunu bəyan edib.

“Mötədillər” partiyasından mədəniyyət naziri vəzifəsini icra edən Yakob Engel-Şmidt partiyanın arzulanan mərkəzçi hökuməti formalaşdırmağa nail olmadığını etiraf edib.

Bununla belə, o, hazırkı variantın “ikinci ən yaxşı ssenari” olaraq qaldığını, çünki mərkəzçi qüvvələrin yenə də hökumətdə təmsil olunacağını bildirib. Eyni zamanda, gələcək hökumətə parlament dəstəyi verməli olan “Qırmızı-yaşıl alyans” artıq dəstəyinin şərtsiz olmayacağını açıqlayıb.

Partiyanın lideri Pelle Draqsted bildirib ki, koalisiya ölkənin siyasi kursunu partiya ilə razılaşdırmalı olacaq. Onun sözlərinə görə, sazişin adının əhəmiyyəti yoxdur, əsas məsələ partiyanın hökumətin əsas qərarlarına təsir göstərə bilməsidir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Danimarka   Frederiksen  


Bizi "telegram"da izləyin