Erməni nazir: “Ermənistan Rusiyadan asılılığını azaltmağa çalışır”

2026/05/1779445515.jpg
Oxunub: 348     14:23     22 May 2026    
“Ermənistan Rusiyadan asılılığını azaltmağa çalışır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri, hakim “Vətəndaş Müqaviləsi” partiyasının üzvü Gevorq Papoyan jurnalistlərlə söhbətində deyib.

O bildirib ki, 2021-ci il seçkiləri ilə müqayisədə əhalinin hakimiyyətə münasibəti daha müsbətdir.

“Düşünürəm ki, çox yüksək faizlə qalib gələcəyik. 2021-ci ildə əldə etdiyimiz 54%-lə müqayisədə indi insanlardan daha isti münasibət görürük”, - deyə Papoyan bildirib.

Rusiyadakı “Lars” keçid məntəqəsində Ermənistan yük maşınlarının 45 gündür gözlədiyi barədə sualı cavablandıran nazir qeyd edib ki, məsələ Rusiya tərəfi ilə müzakirə olunur.

“Rusiya tərəfdaşlarımızla işləyirik. Bunlar texniki məsələlərdir və yaxın günlərdə həll olunacaq. Bütün problemlərin son həll günü iyunun 7-sidir. İyunun 8-i səhər isə “Vətəndaş Müqaviləsi” yüksək faizlə qalib gələndən sonra bütün məsələlər həll olunacaq”, - deyə o bildirib.

Papoyan qeyd edib ki, Ermənistan-Rusiya ticarət dövriyyəsi rekord həddə çatıb və yeni rekordlar gözlənilir.

Erməni nazir bildirib ki, Ermənistanın Avropa İttifaqına və Çinə ixracı da iki dəfə artıb.

“Bu o deməkdir ki, Ermənistan təkcə Rusiya ilə deyil, digər bazarlarla da əlaqələrini genişləndirir və bir bazardan asılılığını azaldır”, - deyə o vurğulayıb.

Papoyan keçmiş erməni prezident Robert Köçəryanın kənd təsərrüfatının geriləməsi ilə bağlı fikirlərini də təkzib edib.

“2025-ci ildə kənd təsərrüfatı 5,6% artıb. Bunu statistik məlumatlarda görmək mümkündür”, - deyə o bildirib.

Erməni nazir əlavə edib ki, bəzi müxalif qüvvələr xarici xüsusi xidmət orqanlarının maraqlarına xidmət edir və Ermənistan istehsalçılarına problemlər yaratmağa çalışırlar.

“Qoy həmin anti-dövlət elementləri ayaq altında dolaşmasınlar. Bütün problemləri mərhələli şəkildə həll edirik”, - deyə Papoyan bildirib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin