Ermənistanda hüquq-mühafizə orqanları siyasi xadimi evinə aparıb axtarış keçiriblər

2026/05/1779445469.jpg
Oxunub: 309     14:19     22 May 2026    
Ermənistan Milli Təhlükəsizlik Xidmətinin (MTX) maskalı əməkdaşları “Ana Ermənistan” partiyasının ofisində istintaq hərəkətləri aparıblar.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistan KİV-ləri məlumat yayıb.

Məlumata görə, həmin vaxt partiyanın sədri və “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında ikinci yerdə olan Andranik Tevanyan da orada olub.

Qeyd edilir ki, partiyanın ofisindəki axtarışdan sonra Ermənistanın hüquq-mühafizə orqanlarının əməkdaşları əvvəlcə Tevanyanın yaxınlıqda yerləşən evinə piyada getməsinə icazə verməyiblər. MTX əməkdaşları onu xidməti avtomobillə aparmaqda israr etsələr də, vəkilin və Tevanyanın etirazından sonra piyada getməsinə razılıq veriblər.

Bildirilir ki, istintaq əməkdaşları Tevanyanı mənzilində qarşılayıblar. Halbuki Tevanyan evdə heç kimin olmadığını bildirmişdi. Daha sonra məlum olub ki, hüquq-mühafizə orqanlarının əməkdaşları onun icazəsi olmadan mənzilə daxil olublar.

Bildirilir ki, bu gün saat 17:00-da Ermənistan Mərkəzi Seçki Komissiyasında təqdim olunan vəsatətlə bağlı qapalı iclas keçiriləcək və qərar daha sonra komissiyanın saytında dərc olunacaq.

Xatırladaq ki, səhər saatlarında Ermənistan MTX əməkdaşları “Ana Ermənistan” partiyasının ofisinə daxil olaraq istintaq tədbirlərinə başlayıblar. Hazırda partiya sədri Andranik Tevanyanın mənzilində axtarış davam edir.

Ermənistan Mərkəzi Seçki Komissiyası bildirib ki, Baş Prokurorluq “Çiçəklənən Ermənistan” Partiyasının deputatlığa namizədi Andranik Tevanyan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı müraciət təqdim edib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 20-də seçkiqabağı kampaniya zamanı MTX-nin Andranik Tevanyan barəsində “dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanması üçün material göndərəcəyini açıqlamışdı. Tevanyan isə cavab olaraq Paşinyanı dövlətə xəyanətdə ittiham etmişdi.

Mayın 21-də isə İstintaq Komitəsi Andranik Tevanyan barəsində dövlətə xəyanət və casusluq ittihamı ilə cinayət işi açıldığını elan edib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Ermənistan   MTX  


Bizi "telegram"da izləyin