Aşotyan: “Müxalifətə təzyiqlər parlament koalisiyasının güclənməsi ilə bağlıdır”

2026/04/1775625680.jpg
Oxunub: 477     14:16     22 May 2026    
“Bu hücumlar və yeni təzyiqlər parlamentdə mümkün müxalifət koalisiyasının güclənməsi ilə bağlıdır”.

Ordu.az xəbər verir ki, bunu Ermənistan Respublikaçılar Partiyasının sədr müavini Armen Aşotyan sosial şəbəkə hesabında yazıb.

Aşotyan bildirib ki, Andranik Tevanyanın baxış və fəaliyyətinin tərəfdarı olmasa da, ona qarşı başladılan proses açıq siyasi təqibdir.

“Çox çətindir, hətta demək olar ki, mümkün deyil ki, məni Andranik Tevanyanın baxış və fəaliyyətinin tərəfdarı olmaqda ittiham etsinlər. Mənimlə Tevanyan arasında uzun və sərt ictimai qarşıdurma tarixçəsi var.

Ancaq Nikol Paşinyanın dili ilə səsləndirilən, Milli Təhlükəsizlik Xidməti tərəfindən rəsmi bəyanata çevrilən və davam etdirilən konkret hücum absurddur və açıq siyasi təqibdir”, - deyə o qeyd edib.

Aşotyan vurğulayıb ki, “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında yer alan Andranik Tevanyan və Martun Qriqoryana qarşı təzyiqlər təsadüfi deyil.

“Bu hücumlar və Martun Qriqoryana qarşı yeni təzyiqlər başqa məqsədə xidmət edir. Çünki Andranik Tevanyan və Martun Qriqoryanın yer aldığı “Çiçəklənən Ermənistan” Partiyası hazırda yalnız parlamentə keçmir, həm də Nikol Paşinyanın elektoratından səslər alır və parlamentdə mümkün müxalifət koalisiyasını gücləndirir”, - deyə Aşotyan bildirib.

Qeyd edək ki, bu gün səhər saatlarında maskalı Ermənistan MTX əməkdaşları “Ana Ermənistan” partiyasının ofisinə daxil olaraq istintaq hərəkətlərinə başlayıblar. Həmçinin partiyanın sədri və “Çiçəklənən Ermənistan” Partiyasının seçki siyahısında ikinci yerdə olan Andranik Tevanyanın evində axtarış aparılıb.

Ermənistan Mərkəzi Seçki Komissiyasından bildirilib ki, Baş Prokurorluq Andranik Tevanyan barəsində cinayət təqibinin başlanmasına razılıq verilməsi ilə bağlı vəsatət təqdim edib.

Xatırladaq ki, Nikol Paşinyan mayın 20-də seçkiqabağı kampaniya zamanı Ermənistan MTX-nin Andranik Tevanyan barəsində “dövlətə xəyanət” maddəsi ilə cinayət işi başlanması üçün material göndərəcəyini açıqlamışdı. Tevanyan isə cavab olaraq Paşinyanı dövlətə xəyanətdə ittiham etmişdi.

Bundan başqa, bu gün səhər saat 07:00-dan etibarən erməni deputat Martun Qriqoryanın evində, avtomobilində, eləcə də ofislərində və komanda üzvlərinin mənzillərində axtarışlar aparılır.

Ermənistanın Antikorrupsiya Komitəsi Martun Qriqoryanın evində aparılan axtarışların komitədə araşdırılan cinayət işi çərçivəsində həyata keçirildiyini təsdiqləyib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Aşotyan   Ermənistan  


Bizi "telegram"da izləyin