Paşinyan həddindən artıq uzağa gedib: növbəti mərhələ Ermənistanı Rusiyanın hərbi düşməninə çevirməkdir?

2026/05/1779431008.jpg
Oxunub: 303     14:27     22 May 2026    
“Nikol Paşinyanın Qərbə doğru siyasi dönüşü artıq həddindən artıq uzağa gedib və növbəti addımlar əvvəlcədən müəyyənləşdirilib. İrəvan Moskva ilə münasibətlərin daha da gərginləşdirilməsi yoluna aparılır”.

Ordu.az xəbər verir ki, bu barədə Ermənistanın “Past” nəşri “Paşinyan həddindən artıq uzağa gedib: növbəti mərhələ Ermənistanı Rusiyanın hərbi düşməninə çevirməkdir?” başlıqlı məqaləsində yazıb.

Nəşrin məlumatına görə, “tsargrad.tv” saytı qeyd edir ki, iyunun 7-də keçiriləcək parlament seçkiləri ərəfəsində Nikol Paşinyan əsasən cəmiyyətin qərbyönlü hissəsini hədəfə alır.

Məqalədə bildirilir ki, Paşinyanın əsas elektoratı Avropa və ABŞ-də yaşayan ermənilər ola bilər. Çünki Qərbdə erməni diasporu kifayət qədər böyükdür.

“Biz məlumatlıyıq” proqramında çıxış edən aparıcı Yelena Afonina Ermənistandakı vəziyyətin Moldovanı xatırlatdığını bildirib. “Prezident Maya Sandu hakimiyyətə Avropadakı seçki məntəqələrində səs verən seçicilər hesabına gəlib. Başqa sözlə, son sözü Moldovada yaşamayan insanlar deyir”, - deyə o qeyd edib.

Siyasi şərhçi Artur Atayev isə bildirib ki, Rusiyada yaşayan ermənilər Paşinyanın tərəfdarlarına qarşı ciddi qüvvəyə çevrilə bilər.

“Rusiyadakı erməni diasporunun büdcəsi 300 milyard dollardır. Onlar həqiqətən çox təsirlidirlər. Bu gün Ermənistanda baş verənlər diasporun maraqlarına uyğun deyil. Əgər Samvel Karapetyan kimi nüfuzlu şəxslər Ermənistana gəlsələr, onları həbs edə bilərlər. Çünki Paşinyan diasporu özünə real təhlükə hesab edir”, - deyə Atayev bildirib.

Məqalədə qeyd olunur ki, Rusiyada çox az seçki məntəqəsi açılacaq və bu, Moldova seçkilərindəki vəziyyəti xatırladacaq.

“Avropa ölkələrində isə seçki məntəqələri açılacaq və burada anti-Rusiya meylləri fəal şəkildə təşviq olunur. Moldova və Ukraynada tətbiq edilən texnologiyalar indi Ermənistanda da istifadə olunur”, - deyə politoloq vurğulayıb.

Nəşrin yazdığına görə, Atayev Ermənistanın artıq Rusiyanın ciddi siyasi və iqtisadi rəqibinə çevrildiyini bildirib.

“Növbəti mərhələ Ermənistanın Rusiyanın hərbi düşməninə çevrilməsidir. Bütün bunlar Maya Sandu və Volodimir Zelenski modeli üzrə həyata keçirilir”, - deyə o əlavə edib.

Məqalədə qeyd olunur ki, Ermənistanın xarici ticarət dövriyyəsinin təxminən 35 faizi Rusiyanın payına düşür.

“Əgər 2024-cü ildə bu göstərici 11,9 milyard dollar idisə, indi təxminən 6 milyard dollardır. “Qazprom Ermənistan” ölkənin ən böyük işəgötürənlərindən biridir. Həmçinin Ermənistan dəmir yolu infrastrukturunu idarə edən “Rusiya Dəmir Yolları”nın törəmə şirkətində minlərlə insan çalışır”, - deyə Atayev bildirib.

Politoloqun sözlərinə görə, Paşinyan və komandası Rusiyanı Ermənistanın hərbi, siyasi və iqtisadi sahələrindən sıxışdırıb çıxarmağa çalışır.

“Paşinyanın seçiciləri Ermənistanda deyil, Avropadadır. Bunlar Fransa Prezidenti Emmanuel Makron və Böyük Britaniyanın Baş naziri Kir Starmerdir. O, məhz onlar üçün işləyir”, - deyə məqalədə bildirilib.

Alpər Mövludoğlu
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Paşinyan   Ermənistan   Rusiya  


Bizi "telegram"da izləyin