Ordu.az xəbər verir ki, bunu rusiyalı şərqşünas Viktor Nadein-Rayevski deyib.
Onun sözlrəinə görə, Donald Trampın Çinə səfərindən dərhal sonra İran məsələsinin yenidən gündəmə gəlməsi və ritorikanın kəskin sərtləşməsi təsadüfi deyil.
Rayevski qeyd edib ki, Pekində keçirilən danışıqlar Ağ Evə əsas məsələ ilə bağlı aydınlıq gətirib, Çin Tehranla dərin iqtisadi əlaqələrinə baxmayaraq, İran naminə Vaşinqtonla qlobal qarşıdurmaya getməyə hazır deyil.
Analitik hesab edir ki, ABŞ tərəfindən irəli sürülən beş sərt tələb, o cümlədən zənginləşdirilmiş uranın ölkədən çıxarılması və maliyyə aktivlərinin dondurulmuş vəziyyətdə saxlanılması Vaşinqtonun müharibənin nəticələrini tam kapitulyasiya sazişi ilə rəsmiləşdirmək istədiyini göstərir.
“Trampın müəyyən etdiyi “iki-üç günlük” ultimatum İran siyasi rəhbərliyinə qarşı psixoloji hücumdan başqa bir şey deyil. İran bunu qəbul etməyəcək. Mümkün ssenarilərdən biri Pakistan vasitəçiliyi uğursuz olacağı halda İrana qarşı nöqtəvi zərbələrin yenidən başlamasıdır.
İslam İnqilabı Keşikçiləri Korpusunun müharibənin region sərhədlərindən kənara çıxacağı barədə xəbərdarlığı göstərir ki, Tehran ABŞ müttəfiqlərinə və Fars körfəzindəki enerji qovşaqlarına zərbə endirməklə “asimmetrik eskalasiya” yoluna getməyə hazırdır”, - deyə analitik bildirib.
Nadein-Rayevski hesab edir ki, bu geosiyasi sarsıntılar fonunda Cənubi Qafqaz birbaşa təhlükə altına düşür, çünki region İranla həmsərhəddir və bütün tərəflər üçün həyati əhəmiyyət daşıyır.
“İrana qarşı hərbi əməliyyatların yeni mərhələsi Cənubi Qafqazda siyasi və digər baxımdan vəziyyəti destabilizasiya edə bilər”, - deyə o qeyd edib.
Analitikin sözlərinə görə, İran-ABŞ müharibəsinin genişlənməsi “Şimal-Cənub” nəqliyyat dəhlizinə də təsir göstərə bilər, bu isə Qərb və İsrailin bölgədə təsirini artıracaq və Rusiyanı öz mövqelərini itirməmək üçün daha sərt addımlar atmağa məcbur edəcək.
O əlavə edib ki, bu gərginlik ABŞ vasitəçiliyi ilə Cənubi Qafqazda həyata keçirilməsi planlaşdırılan bəzi layihələrin də təxirə salınmasına səbəb olacaq.
“Hadisələrin gələcək inkişafı Pakistanın vasitəçilik missiyasının nə dərəcədə effektiv olacağından və İranın yenilənmiş təklifində Trampın “böyük qələbə” kimi təqdim edə biləcəyi güzəştlərin olub-olmayacağından asılıdır”, - deyə Nadein-Rayevski bildirib.
Analitik qeyd edib ki, Cey Di Vensin son açıqlamaları Vaşinqtonun hələ də diplomatik geri dönüş yolunu tam bağlamadığını göstərir.
“Tərəflər müvəqqəti taktiki atəşkəsə nail ola bilərlər. Lakin münaqişənin dərin səbəbləri və ABŞ-İsrail oxunun İranın nüvə dövləti olmasının qarşısını almaq məqsədi uzunmüddətli perspektivdə vəziyyətin riskli olaraq qalmasına səbəb olacaq”, - deyə rusiyalı şərqşünas vurğulayıb.
Alpər Mövludoğlu
Ordu.az