WSJ: İsrail İranı vurmaq üçün İraqda gizli hərbi baza yaradıb

2026/05/1778395432.jpg
Oxunub: 437     10:35     10 May 2026    
Fevral ayında İsrail İran əleyhinə hava əməliyyatına dəstək vermək məqsədilə İraq səhrasında gizli hərbi baza yerləşdirib.

Ordu.az xəbər verir ki, bu barədə ABŞ rəsmilərinə və digər mənbələrə istinadən “The Wall Street Journal” yazıb.

Məlumata görə, obyekt fevralın 28-də planlaşdırılan ABŞ-İsrail birgə hücumu ərəfəsində yaradılıb və İsrail Hərbi Hava Qüvvələri üçün vacib logistik mərkəzə çevrilib.

Texniki xidmətlə yanaşı, burada xüsusi təyinatlılar və xilasetmə qrupları da növbə çəkib. Onlar İsrail tərəfinin pilot itkisi və ya təyyarənin vurulması halında dərhal kömək göstərməli idilər.

Baza mövcudluğunu gizli saxlamaq üçün israillilər son dərəcə sərt addıma əl atıblar. Onlar martın əvvəlində təsadüfən əraziyə yaxınlaşaraq bazanı aşkar etməyə çalışan iraqlı bölmələrə havadan zərbələr endiriblər.

O vaxt Bağdad hava zərbələri nəticəsində bir iraqlı əsgərin öldüyünü açıqlamışdı. Bu, iraqlı medianın uzaq rayonlardan birində yerli bir çobanın “qeyri-adi hərbi aktivlik” müşahidə etdiyini bildirməsindən sonra baş vermişdi. O, helikopterlərin hərəkətini və atəş səslərini görmüşdü.

Nəşrin məlumatına görə, İsrail zərbələri iraqlı qüvvələri sonrakı araşdırmadan çəkindirməyə kömək edib.

Əvvəlcə mart hücumuna görə məsuliyyəti ABŞ-nin üzərinə atan İraq həmin vaxt belə bəyan etmişdi: “Bu düşüncəsiz əməl heç bir koordinasiya və ya icazə olmadan həyata keçirilib”. ABŞ mediasına danışan mənbələr isə Birləşmiş Ştatların həmin əməliyyatda iştirak etmədiyini bildiriblər.

“Ola bilsin, zərbə endirməzdən əvvəl ərazidə hava dəstəyi alan müəyyən qüvvələr fəaliyyət göstərib və onların hərəkətləri bizim bölmələrimizin imkanları xaricində olub”, - deyə o vaxt iraqlı yüksəkvəzifəli hərbçi bildirib.

Məqalədə həmçinin İsrail Hərbi Hava Qüvvələrinin o vaxtkı komandanı general-mayor Tomer Barın mart ayında verdiyi açıqlamaya istinad olunur. O, xüsusi təyinatlıların İranla münaqişə zamanı “fövqəladə” əməliyyatlar həyata keçirdiyini bildirib.

WSJ ilə danışan ekspertin sözlərinə görə, bazanın yerləşdiyi bildirilən İraqın qərb səhrası gizli hərbi obyekt üçün ideal məkandır, çünki bu ərazi çox genişdir və seyrək məskunlaşıb.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: İsrail   İran  


Bizi "telegram"da izləyin