Ordu.az xəbər verir ki, bu barədə Litva Xarici İşlər Nazirliyi məlumat yayıb.
Bildirilib ki, notada Rusiyanın Xarici İşlər Nazirliyinin xarici dövlətlərə ünvanladığı və Rusiya Silahlı Qüvvələrinin planlaşdırdığı hücumlarla əlaqədar Kiyevdən diplomatik və digər heyətin, eləcə də vətəndaşların təxliyəsi ilə bağlı “xəbərdarlığı” qəti şəkildə pislənib.
Notada vurğulanıb ki, Rusiyanın bu bəyanatları “Kiyevdəki xarici səfirliklərə və Kiyevin digər sakinlərinə qarşı güc tətbiqinə yönəlmiş birbaşa, kinayəli və görünməmiş təhdid” kimi qiymətləndirilməlidir.
“Rusiyanın Ukraynaya qarşı davam edən təcavüzü, eləcə də bu cür açıq bəyanatları BMT Nizamnaməsinin 2-ci maddəsinin 4-cü bəndində təsbit olunmuş güc tətbiqi hədəsinin qadağan edilməsini və BMT Nizamnaməsində əksini tapmış beynəlxalq hüququn digər ümumi prinsiplərini açıq şəkildə pozur.
Rusiya səfirliyinin nümayəndəsinə bildirilib ki, bu cür bəyanatlar verməklə Rusiya faktiki olaraq öz silahlı qüvvələrinin beynəlxalq müdafiə altında olan şəxslər, diplomatlar, mülki əhali və mülki infrastruktur üçün ölümcül və mənasız təhlükə yaratmağı planlaşdırdığını etiraf edir. Bu isə Ukraynada ən ağır beynəlxalq cinayətlərin davam etdirilməsi deməkdir.
Ona həmçinin xatırladılıb ki, beynəlxalq humanitar hüquqa əsasən, əgər hərbi hücumun mülki əhali arasında təsadüfi ölüm və yaralanmalara, mülki obyektlərə zərər vurulmasına səbəb olacağı məlumdursa, belə hücum beynəlxalq humanitar hüququn ciddi pozuntusu hesab olunur və hərbi cinayət kimi qiymətləndirilir”, - deyə məlumatda qeyd edilib.
Litva Xarici İşlər Nazirliyi vurğulayıb ki, Litva Rusiyanın Xarici İşlər Nazirliyinin notasını yalnız davam edən və planlaşdırılan təcavüzün, müharibənin və Rusiyanın digər beynəlxalq cinayətlərinin birbaşa sübutu kimi deyil, həm də Rusiyanın beynəlxalq hüquqa hörmətsizliyinin növbəti bariz nümunəsi kimi qiymətləndirir.
“Litva bu təhdidləri qəti şəkildə rədd edir və Rusiyadan Ukraynaya qarşı təcavüzü, hərbi cinayətləri, insanlığa qarşı cinayətləri və digər beynəlxalq cinayətləri dərhal və qeyd-şərtsiz dayandırmağı, işğalçı qüvvələrini Ukraynanın beynəlxalq səviyyədə tanınmış bütün ərazilərindən çıxarmağı və Rusiya təcavüzünün vurduğu bütün zərəri Ukraynaya ödəməyi tələb edir.
Litva dörd ildən artıqdır ki, Rusiya təcavüzünə qarşı müdafiə olunan Ukraynaya qətiyyətlə dəstək verir.
Litvanın Kiyevdəki səfirliyi fəaliyyətini davam etdirir, eyni zamanda əməkdaşları adi təhlükəsizlik qaydalarına riayət edirlər”, - deyə nazirliyin məlumatında qeyd olunub.
Sevinc Əliyeva
Ordu.az