SKYDAGGER kütləvi istehsal və ixrac hücumuna başladı

2026/05/1778347641.jpg
Oxunub: 736     21:25     09 May 2026    
SAHA 2026 çərçivəsində “SavunmaSanayiST”yə xüsusi açıqlamalar verən SKYDAGGER-ın baş direktoru Mehmet Öztəkin FPV kamikadze pilotsuz uçuş aparatlarından “Avcı” pilotsuz uçuş aparatı sistemlərinə, sabit qanadlı platformalardan yerli sursat həllərinə qədər şirkətin həyata keçirdiyi fəaliyyətlərlə bağlı diqqətçəkən açıqlamalar verib.

Ordu.az xəbər verir ki, Öztəkin şirkətin qısa müddətdə yüksək saylı istehsal gücünə çatdığını bildirərkən, ixrac sahəsində də mühüm inkişaf əldə etdiklərini qeyd edib.

FPV kamikadze pilotsuz uçuş aparatı istehsalında sürətlə miqyaslana bilən struktur qurduqlarını bildirən Mehmet Öztəkin deyib: “İlk başladığımız dövrdə mövcud hərbçinin istifadə etdiyi sistemləri əsas götürdük. Lakin sayların artması ilə birlikdə sistemləri çox sürətli, kütləvi və uyğun xərclə istehsal edilə bilən hala gətirdik”.

İstehsal infrastrukturunda inyeksiya hissələrinə və sadə istehsal texnikalarına yönəldiklərini bildirən Öztəkin qeyd edib ki, bu yanaşma sayəsində istehsal gücü qısa müddətdə ciddi şəkildə artırılıb.

Şirkətin ilkin mərhələdə aylıq 1.500-2 min ədəd səviyyəsində istehsal həyata keçirdiyini bildirən Öztəkin deyib: “Hazırda bu rəqəm 9-10 minə çatıb və gələn tələblərə görə bu rəqəmləri daha da artırmaq məcburiyyətində qaldıq”.

“Pilotsuz uçuş aparatındakı bütün komponentləri özümüz istehsal edirik”

SKYDAGGER-ın kritik komponentlərdə xarici asılılığı azaltmağa fokuslandığını bildirən Öztəkin mühərrik, elektronika, batareya paketlənməsi və korpus istehsalı daxil olmaqla sistemlərin böyük hissəsinin şirkət daxilində hazırlandığını deyib.

Öztəkin bildirib: “Pilotsuz uçuş aparatında olan bütün komponentləri öz daxilimizdə istehsal edirik. Məqsədimiz odur ki, mümkün böhran vəziyyətində qapılar bağlanarsa, öz fabrikimizdə istehsalı aylarla davam etdirə bilək”.

Bu istiqamətdə şirkətin həm ehtiyat toplama, həm də ixracyönlü istehsal modeli həyata keçirdiyini qeyd edən Öztəkin SAHA 2026-dan sonra daha 7 yeni ölkənin müştəri portfelinə əlavə olunduğunu açıqlayıb.

Yeni müqavilələrlə birlikdə SKYDAGGER məhsullarından istifadə edən ölkələrin sayının 26-ya yüksəldiyi bildirilib.

Okeanın o tayındakı ölkədə yerində istehsal

İxrac sahəsindəki tələblərin yalnız məhsul tədarükü ilə məhdudlaşmadığını vurğulayan Öztəkin bəzi müştərilərin yerində istehsal tələbi irəli sürdüyünü bildirib.

Bu çərçivədə okeanın o tayında yerləşən bir ölkədə istehsal müqaviləsi imzaladıqlarını açıqlayan Öztəkin deyib: “Türkiyədə 10 min ədəd istehsal etdiyimiz halda qarşı tərəfdə də təxminən 10 min ədədlik gözlənti formalaşdı. Buna görə texniki və infrastruktur imkanlarımızı iki, hətta üç dəfə artırmağımız lazımdır”.

FPV ailəsi 500 qramdan 10 kiloqrama qədər uzanıb

SKYDAGGER-ın sursatlı FPV pilotsuz uçuş aparatı ailəsinin fərqli tapşırıq ehtiyaclarına uyğun şəkildə şaxələndirildiyini bildirən Öztəkin mini sinifdən ağır sinfə qədər müxtəlif ölçülərdə sistemlər hazırladıqlarını deyib.

Şirkətin 500 qramdan başlayaraq 2, 3, 5 və 10 kiloqram sinfinə qədər uzanan beş fərqli FPV kamikadze pilotsuz uçuş aparatı hazırladığı açıqlanıb.

Sahədən gələn ehtiyaclar çərçivəsində hazırlanan “Hunter”, yəni “Avcı” pilotsuz uçuş aparatı sistemi xüsusilə hava hədəflərinə qarşı hazırlanmış önləyici konsepsiyası ilə ön plana çıxır.

“Avcı” pilotsuz uçuş aparatı 320 kilometr sürətə çatır

“Avcı” pilotsuz uçuş aparatı sisteminin havada 300 kilometri aşan sürətlərə çata bildiyini bildirən Öztəkin deyib: “Sistem 320 kilometr sürətə çata bilir. Bir piksel görüntüyə qədər hədəfə kilidlənərək avtomatik dalış və nişanalma həyata keçirə bilir”.

Platformada gündüz və termal kameralarla yanaşı yaxınlaşma sensorunun da olduğunu bildirən Öztəkin döyüş başlığının hədəfə təxminən 2 metr qalmış partlayacaq şəkildə optimallaşdırıldığını qeyd edib.

Şirkət tərəfindən hazırlanan döyüş başlığında 220 qram partlayıcı doldurma və təxminən 1100 ədəd qəlpə təsirli kürəcik olduğu bildirilib.

“Toyca” və “Dart” platformaları sahəyə hazırlanır

SKYDAGGER-ın sabit qanadlı platformalar sahəsində də yeni məhsullar hazırladığını bildirən Öztəkin “Toyca 5”, “Toyca 10” və “Dart” adlı sistemlər üzərində çalışdıqlarını açıqlayıb.

Sistemin istifadəçi interfeysinin də şirkət tərəfindən hazırlandığını bildirən Öztəkin deyib: “Toyca 5”də hədəflərimiz 70 kilometrlik nöqtə zərbəsi həyata keçirə bilir, 8 kanallı “anti-jam” GNSS və elektrik mühərrikli olması səbəbindən bütün yüksəkliklərdə tənzimləmə tələb etmədən çox rahat uçuş edə bilir. İnterfeysini də yenə özümüz, “Skydagger Flight Planner” adı ilə hazırladıq”.

FPV kamikadze pilotsuz uçuş aparatları Türkiyə Milli Müdafiə Nazirliyinin inventarına daxil olub

Mehmet Öztəkin SKYDAGGER istehsalı FPV kamikadze pilotsuz uçuş aparatlarının Türkiyə Milli Müdafiə Nazirliyinin inventarına daxil olduğunu və təhvil proseslərinin həyata keçirildiyini açıqlayıb.

Öztəkin Türkiyə Silahlı Qüvvələrinin ehtiyaclarına uyğun olaraq sistemlərin yenidən formalaşdırıla biləcəyini vurğulayaraq deyib: “Bizim fiber infrastrukturumuz var. İstənilən uzunluqda fiber sarıya bilirik. Sursat tutumunu dəyişə bilirik. Pilotsuz uçuş aparatını istənilən mənzil və uçuş müddətinə uyğun şəkildə yenidən təkmilləşdirə bilirik”.

“Baykar” platformalarına inteqrasiya edilir

SKYDAGGER-ın “Baykar” platformaları ilə həyata keçirdiyi inteqrasiya fəaliyyətlərinə də toxunan Öztəkin şaquli qalxma-enmə qabiliyyətli “Kalkan” pilotsuz uçuş aparatı sistemi üzərində FPV kamikadze pilotsuz uçuş aparatı inteqrasiyasının tamamlandığını açıqlayıb.

Sistemin EFES Təlimində də nümayiş etdiriləcəyini bildirən Öztəkin inteqrasiya sınaqlarının uğurla həyata keçirildiyini deyib.

Öztəkin bildirib: “Bulud üzərində kəşfiyyat aparan bir “Kalkan” sistemi buludun altına bizim FPV sistemimizi göndərə bilir. Beləliklə, kəşfiyyat-müşahidə və lazım gəldikdə hədəfə nişanalma imkanı təmin edir”.

İrəliləyən mərhələdə “Avcı” pilotsuz uçuş aparatı sisteminin də “Bayraktar” TB2, “Bayraktar” TB3, “Bayraktar” AKINCI və “Bayraktar” KIZILELMA platformalarına inteqrasiya edilməsinin hədəfləndiyi bildirilib.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: SKYDAGGER   Öztəkin   PUA  


Bizi "telegram"da izləyin