Ordu.az xəbər verir ki, bu barədə AFP agentliyi krallığın Müdafiə Nazirliyindəki mənbəyə istinadən məlumat yayıb.
“HMS “Dragon” gəmisinin ilkin yerləşdirilməsi Böyük Britaniyanın Fransa ilə birlikdə rəhbərlik etdiyi çoxtərəfli koalisiya çərçivəsində boğazın təhlükəsizliyini təmin etməyə hazır olmasını təmin edəcək diqqətli planlaşdırmanın bir hissəsidir”, - deyə nazirlik nümayəndəsi AFP-yə bildirib.
Ötən ay Böyük Britaniya və Fransa Hörmüz boğazının təhlükəsizliyinin təmin olunması ilə bağlı hərbi planların razılaşdırıldığını və bunun bu həyati əhəmiyyətli keçiddə ticarət axınının bərpasına imkan verəcəyini açıqlamışdı.
Müdafiə Nazirliyi bildirib ki, HMS “Dragon”un yerləşdirilməsi ticarət gəmiçiliyinə olan etimadı gücləndirəcək və hərbi əməliyyatlar başa çatdıqdan sonra mina təmizləmə fəaliyyətlərinə dəstək verəcək.
Apreldə Londonda keçirilən və 44-dən çox ölkənin nümayəndələrinin iştirak etdiyi iki günlük görüşdə hərbi planlaşdırıcılar su yolunda gəmiçiliyin qorunması üçün Böyük Britaniya və Fransanın rəhbərlik etdiyi çoxtərəfli missiyanın praktiki aspektlərini müzakirə ediblər.
Təxmin edilir ki, təxminən 40 ölkə Hörmüz boğazında gəmiçiliyin açılması missiyasına qoşulmağa razılıq verib. ABŞ-İsrail-İran müharibəsi başlamazdan əvvəl, fevralın 28-də Hörmüz boğazı vasitəsilə dünya neftinin təxminən beşdə biri daşınırdı.
Lakin son aylarda bu həcm azalıb. İran boğazı əhəmiyyətli dərəcədə bağlayıb ki, bu da qlobal bazarlarda sarsıntı və neft qiymətlərində artım yaradıb. Daha sonra ABŞ cavab olaraq İran limanlarına qarşı öz blokadasını tətbiq edib. Şənbə günü İran Fars körfəzi bölgəsində dəniz toqquşmalarının yenidən başlaması fonunda atəşkəsin təmin olunması məsələsində ABŞ diplomatiyasının ciddiliyini şübhə altına alıb.
Cümə günü baş verən insident zamanı ABŞ məxsus esmines atəş açaraq İran bayrağı altında üzən iki tankerə zərbə endirib. Vaşinqton həmin tankerləri İran limanlarına qarşı tətbiq olunan dəniz blokadasını pozmaqda ittiham edib. ABŞ-nin fəaliyyəti İranın cavab zərbələri endirməsinə səbəb olub.
Sevinc Əliyeva
Ordu.az