ASELSAN “Nanotech” Eskişehir qurulur

2026/05/Ekran-1778338699.jpg
Oxunub: 691     18:54     09 May 2026    
“Polad Günbəz” çərçivəsində raket sistemlərində istifadə olunan keramika radomların yerli və milli imkanlarla istehsalı məqsədilə ASELSAN “Nanotech” Eskişehir Elektronik Sistemler şirkəti qurulur.

Ordu.az xəbər verir ki, “Polad Günbəz” çərçivəsində raket sistemlərində istifadə olunan keramika radomların yerli və milli imkanlarla, daha yüksək tutum və keyfiyyət standartlarında istehsalı məqsədilə ASELSAN “Nanotech” Eskişehir Elektronik Sistemler şirkəti qurulur.

Türkiyə Müdafiə Sənayesi İcraiyyə Komitəsinin qərarı doğrultusunda müdafiə sistemlərinin istehsal proseslərinin sürətləndirilməsi istiqamətində mühüm addımlar atılır. Bu çərçivədə Türkiyənin artan ehtiyacları üçün müdafiə sistemlərinin seriyalı istehsal imkanlarının artırılması, təchizat müddətlərinin qısaldılması və texnoloji səriştənin daha yüksək səviyyəyə çatdırılması məqsədilə ASELSAN ilə “Nanotech” əməkdaşlığa başlayıb.

ASELSAN “Nanotech” anlaşma memorandumunun imza mərasimində Müdafiə Sənayesi Komitəsinin sədr müavini professor doktor İhsan Kaya, ASELSAN-ın baş direktoru Ahmet Akyol, “Nanotech” İdarə Heyətinin sədri professor doktor Aydın Doğan və “Nanotech” İdarə Heyətinin sədr müavini doktor Ünal Çakar iştirak edib. Türkiyə Müdafiə Sənayesi Komitəsinin sədr müavini professor doktor Kaya mərasimdəki çıxışında bildirib: “Çox gözəl birlikdir. Universitet-sənaye əməkdaşlığının çox yaxşı nümunəsini görürük. ASELSAN kimi müdafiə sənayesinin göz bəbəyi olan şirkətimizin bir araya gəlməsini dəyərli hesab edirik. Ekosistemdə fəaliyyətdə olan 4 mindən çox şirkətimiz var. Onlar 400-dən çox layihəyə töhfə verirlər. Artıq “Polad Günbəz” komponentlərinin seriyalı istehsal təchizatının uğurla qarşılanması üçün “Nanotech” ilə ASELSAN-ın imkanlarının bir araya gəlməsi ilə çox gözəl birlik ortaya çıxacaq”.

Sözügedən inkişafla bağlı ASELSAN-ın baş direktoru Akyol çıxışında bunları deyib:

“Son dərəcə mənalı və dəyərli imza mərasiminin astanasındayıq. Dünyada az sayda ölkənin və qurumun həll edə bildiyi kritik texnologiyanı həll etdik, onu istehsala tətbiq etməyə nail olduq. Artıq sistemlərimizdə istifadə edilə bilən vəziyyətə gətirdik. Ölkəmizin “Polad Günbəz”ini təchiz etmək üçün daha sürətli və daha çox istehsal etməyə ehtiyacımız var. Bu elmi-tədqiqat və təcrübi-konstruktor işlərini yüksək sayda istehsalla taclandıracaq, yeni elmi-tədqiqat və təcrübi-konstruktor işlərinə imkan yaradacaq əməkdaşlıq üçün şərait yaradırıq. Bu imza akademiya ilə əməkdaşlığın mühüm nümunəsidir.

ASELSAN-ın Anadoludakı şəhərlərə texnologiya aparmaq istiqamətində fəaliyyəti var. Kiçik və orta biznes subyektlərinə ildə 4 milyard dollara yaxın iş təmin edən şirkətik. ASELSAN-ın müxtəlif şəhərlərdə həyata keçirdiyi aktiv fəaliyyətlər mövcuddur. Bunlara yenisini əlavə edirik. ASELSAN “Nanotech” Eskişehir burada dünyaya elan olunur”.

Professor doktor Doğan isə mərasimdə etdiyi çıxışında qeyd edib: “ASELSAN-a verdiyi dəstəyə görə çox təşəkkür edirəm. Universitetdə həyata keçirdiyimiz işləri inkişaf etdirərək Türkiyə müdafiə sənayesinə qazandırmağın qürurunu yaşayırıq. Yeni iş modeli ilə istehsal etdiyimiz məhsulları Türkiyə müdafiə sənayesinə təqdim etmək istəyirik”.

Bu çərçivədə ASELSAN ilə “Nanotech” arasında “ASELSAN Nanotech Eskişehir Elektronik Sistemler A.Ş.” adlı yeni ortaq şirkətin qurulmasına qərar verilib. Sözügedən şirkətin səhmlərinin 51 faizi ASELSAN-a, 49 faizi isə “Nanotech”ə məxsus olacaq. Bu ortaqlıqla birlikdə ASELSAN-ın “Polad Günbəz” çərçivəsində hazırladığı və milli raket sistemlərində istifadə olunan keramika radomların yerli və milli imkanlarla, daha yüksək tutum və keyfiyyət standartlarında istehsalı hədəflənir. Bunun sayəsində həm təchizat təhlükəsizliyinin təmin olunması, həm də kritik texnologiyalarda xarici asılılığın azaldılması planlaşdırılır.

“Polad Günbəz” elementlərindən biri olan milli şəkildə hazırlanmış və istehsal olunmuş “hava-hava” və hava hücumundan müdafiə raket sistemlərində istifadə olunan axtarış başlığı radarları ASELSAN tərəfindən hazırlanır. Raket sistemlərində istifadə edilən və kritik komponent hesab olunan keramika radom məhsulları da uzun illərdir Eskişehirdə fəaliyyət göstərən “Nanotech” tərəfindən təmin olunur.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: ASELSAN   Nanotech   Eskişehir  


Bizi "telegram"da izləyin