“Pasifik Teknoloji” SAHA 2026-da yeni müqavilələr imzalayıb

2026/05/1778338055.jpg
Oxunub: 575     18:42     09 May 2026    
Müdafiə texnologiyalarından informasiya texnologiyalarına qədər geniş sahədə fəaliyyət göstərən “Pasifik Teknoloji” SAHA 2026-nı strateji əməkdaşlıqlar, yeni nəsil məhsullar və beynəlxalq böyümə hədəflərini gücləndirən müqavilələrlə başa vurub.

Ordu.az xəbər verir ki, Türkiyənin və Avropanın ən böyük müdafiə, aviasiya və kosmos sənayesi klasteri olan “SAHA İstanbul”un təşkilatçılığı ilə keçirilən SAHA 2026 Beynəlxalq Müdafiə, Aviasiya və Kosmos Sənayesi Sərgisi bu gün İstanbul Sərgi Mərkəzində başa çatacaq.

Şirkətin yaydığı məlumata görə, “Anadolu” Agentliyinin qlobal kommunikasiya tərəfdaşı olduğu sərgidə “Pasifik Teknoloji” “Özata” gəmiqayrma zavodu ilə dənizçilik və müdafiə sənayesi sahəsində strateji niyyət müqaviləsi imzalayıb. Müqavilə çərçivəsində hərbi, təhlükəsizlik və mülki istifadə sahələrinə yönəlmiş innovativ həllərin hazırlanması, dəniz təhlükəsizliyi və kritik obyektlərin mühafizə sistemlərinin gücləndirilməsi, həmçinin beynəlxalq bazarlarda rəqabətqabiliyyətli məhsulların ortaya qoyulması üçün birgə fəaliyyətlərin həyata keçirilməsi nəzərdə tutulur.

Sərgidə “Pasifik Teknoloji”nin müdafiə sənayesi şirkəti olan TİTRA da müxtəlif sahələrdə mühüm əməkdaşlıqlara imza atıb. “Zyrone Dynamics” ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində iriölçülü pilotsuz uçuş aparatı platformalarına SAVX tərəfindən hazırlanmış MERKÜT sistemlərinin inteqrasiyası və həll tərəfdaşlığı modeli əsasında birgə məhsul inkişafı proseslərinin aparılması planlaşdırılır.

“Altaş Motor” və “Ege Dinamik” ilə imzalanan anlaşma memorandumları çərçivəsində isə TİTRA məhsullarında istifadə olunan mühərrik sistemlərinin yerliləşdirilməsinə yönəlmiş texniki əməkdaşlıq təmin edilərək kritik alt sistemlərdə yerli istehsal imkanlarının artırılması istiqamətində addım atılıb.

“Intecro Robotics” ilə həyata keçirilən əməkdaşlıq çərçivəsində TİTRA-nın istehsal infrastrukturunun robot sistemləri və avtomatlaşdırma texnologiyaları ilə gücləndirilməsi hədəflənir. Sözügedən əməkdaşlıq vasitəsilə zavodun seriyalı istehsal qabiliyyətini dəstəkləyəcək avtomatlaşdırma infrastrukturunun qurulması nəzərdə tutulur.

Yeni nəsil sistemlər ilk dəfə SAHA-da təqdim olunub

“Pasifik Teknoloji” SAHA 2026 çərçivəsində yeni nəsil məhsullarını beynəlxalq ictimaiyyətə də təqdim edib.

Sərgidə nümayiş etdirilən DELİ-S sürü sistemi GNSS-dən müstəqil şəkildə tapşırıq yerinə yetirə bilən, tək və sürü konsepsiyası ilə fəaliyyət göstərən yeni nəsil “gəzən sursat” kamikadze pilotsuz uçuş aparatı sistemi kimi ön plana çıxarkən, KORGAN-M V2 isə avtomatik eniş, enerji doldurma və yüksək avtonom qabiliyyətə malik “dron-in-a-box” həlli ilə diqqət çəkib.

TİTRA tərəfindən hazırlanmış ALPİN 2, DUMRUL, DELİ-2EO ilə SAVX tərəfindən hazırlanmış MERKÜT və KORGAN platformaları da sərgidə nümayiş etdirilən sistemlər arasında yer alıb. Tamamilə yerli mühəndislik imkanları ilə hazırlanmış sistemlər avtonom tapşırıq qabiliyyəti, radioelektron mübarizə şəraitində fəaliyyət bacarığı, sürü texnologiyaları və yüksək dəqiqlikli zərbə gücü ilə müasir döyüş meydanının ehtiyaclarına cavab verən inteqrasiya olunmuş həllər təqdim edir.

“Yüksək əlavə dəyərli həllər hazırlamağı davam etdiririk”

Açıqlamada fikirlərinə yer verilən “Pasifik Teknoloji” İcraiyyə Şurasının sədri Aykut Fərah bildirib ki, SAHA 2026 şirkət baxımından yalnız sərgi deyil, eyni zamanda qlobal böyümə vizyonunun konkret şəkildə ortaya qoyulduğu strateji platformadır.

Fərah sərgidə həyata keçirilən əməkdaşlıq və niyyət müqavilələrinin “Pasifik Teknoloji”nin texnologiya inkişaf etdirmə qabiliyyətini gücləndirdiyini qeyd edərək bunları deyib:

“Pasifik Teknoloji” olaraq biz yalnız məhsul hazırlayan deyil, eyni zamanda öz texnologiya ekosistemini yaradan inteqrasiya olunmuş struktur qururuq. SAHA 2026 çərçivəsində imzaladığımız müqavilələr yerliləşmə, istehsal imkanlarının artırılması, yeni nəsil platformaların hazırlanması və beynəlxalq rəqabət gücünün yüksəldilməsi baxımından son dərəcə mühüm addımlar oldu. Müdafiə texnologiyalarında yalnız Türkiyə üçün deyil, dost və müttəfiq ölkələr üçün də yüksək əlavə dəyərli həllər hazırlamağı davam etdiririk. 100 min kamikadze pilotsuz uçuş aparatını əhatə edən ilk ixrac üçün imzalanmış çərçivə müqaviləsindən sonra beynəlxalq bazarlardan tələb potensialı artıb. Texnologiya transferi, ortaq istehsal modelləri və dəniz müdafiə texnologiyaları sahəsindəki əməkdaşlıqlar qarşıdakı dövrdə daha çox ön plana çıxacaq”.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: Pasifik-Teknoloji   SAHA-2026  


Bizi "telegram"da izləyin