STM KARGU-ya radioelektron mübarizə qabiliyyəti qazandırıb

2026/05/1778337573.jpg
Oxunub: 634     18:38     09 May 2026    
STM milli kamikadze pilotsuz uçuş aparatı KARGU-nu JINN Radioelektron Mübarizə Podu ilə təchiz edib.

Ordu.az xəbər verir ki, sahə sınaqlarında düşmən radarlarını kor edən KARGU hədəflərin uğurla vurulmasını təmin edib.

Türkiyənin tam müstəqil müdafiə sənayesi vizyonu istiqamətində pilotsuz sistemlərdə öncül işlərə imza atan “STM Savunma Teknolojileri Mühendislik ve Ticaret A.Ş.” milli kamikadze platformalarına yeni qabiliyyətlər qazandırmağa davam edir.

Türkiyənin ilk milli kamikadze pilotsuz uçuş aparatı olan KARGU-ya inteqrasiya edilən və EHSİM tərəfindən hazırlanan JINN (Platformaya İnteqrasiya Edilmiş Qarışdırma Həlli) Radioelektron Mübarizə Podu həyata keçirilən sahə sınaqlarında düşmən radar sistemlərini qarışdıraraq “KarguFPV” üçün təhlükəsiz əməliyyat koridoru açıb. Gerçəkləşdirilən sahə sınaqlarında JINN podu inteqrasiya edilmiş bir KARGU platforması hədəf bölgəsindəki düşmən hava hücumundan müdafiə radarlarını aşkarlayaraq DRFM (Rəqəmsal Radio Tezliyi Yaddaşı) əsaslı qarışdırma texnikaları ilə kor edib. Radioelektron basqı sayəsində radarların izləmə qabiliyyəti zəiflədilib, yaranan təhlükəsizlik koridorundan sızan zirehdələn sursat yüklü “KarguFPV” hədəfi dəqiqliklə sıradan çıxarıb.

Güleryüz: 15 ölkədə xidmət göstərən KARGU yeni qabiliyyətləri ilə döyüş meydanını formalaşdırır

STM-nin baş direktoru Özgür Güleryüz belə qiymətləndirmə verib:

“Sadəcə taktiki səviyyədə platformalar hazırlayan bir pilotsuz uçuş aparatı istehsalçısı deyilik, avtonomluq, sürü texnologiyaları, çoxsahəli yanaşma, ekosistem və inteqrasiya qabiliyyətləri ilə müasir döyüş sahəsindəki bütün boşluqları dolduran qabaqcıl bir mühəndislik mərkəziyik. KARGU-muz 4 fərqli qitədə 15 ölkədə aktiv istifadə olunur. KARGU-nu davamlı olaraq fərqli faydalı yüklərlə təchiz edərək döyüş meydanında ehtiyac duyulan xərc baxımından səmərəli həllər hazırlayırıq. Piyada əleyhinə sursat, zirehdələn sursat, RF axtarış başlığı inteqrasiyasından sonra radioelektron mübarizə sahəsində KARGU-ya qabiliyyət qazandıracaq daha bir inteqrasiyanı tamamladıq. JINN və KARGU inteqrasiyası sadəcə iki məhsulun birləşməsi deyil, bir “ekosistem” uğurudur. Bu qabiliyyət sayəsində dost qüvvələrin aşkarlanmasının qarşısını alaraq düşmən müdafiə xəttində rəqəmsal bir yarıq açırıq. Yüksək xərc tələb edən radar sistemlərini aşağı xərcli və yüksək texnologiyalı platformalarımızın inteqrasiya gücü ilə sıradan çıxararaq asimmetrik müharibədə yeni səhifə açırıq”.

KARGU JINN ilə radioelektron mübarizə silahına çevrilir

Sahə sınaqları ilə uğuru təsdiqlənən bu inteqrasiya KARGU-nun əməliyyat mənzilini düşmən radarları üçün bir növ “kor nöqtə”yə çevirir. JINN-in malik olduğu DRFM əsaslı qarışdırma texnologiyası hədəf bölgəsindəki radar siqnallarını ani şəkildə kopyalayıb manipulyasiya edərək saxta radar əks siqnalları yaradır. Bu radioelektron basqı prosesi hava hücumundan müdafiə sistemlərinin ekranlarını aldadıcı məlumatlarla doldurarkən, KARGU ailəsinin digər üzvləri yaranan bu təhlükəsiz elektromaqnit koridordan sızaraq hədəfə çatır. Nəticədə mürəkkəb və yüksək xərc tələb edən müdafiə xətləri JINN-in təmin etdiyi bu rəqəmsal qalxan və KARGU-nun dəqiq zərbə qabiliyyəti ilə platformaları riskə atmadan xərc baxımından səmərəli şəkildə zərərsizləşdirilə bilir.

Milli kamikadze pilotsuz uçuş aparatı KARGU

İctimaiyyət arasında “kamikadze pilotsuz uçuş aparatı” kimi də tanınan KARGU STM tərəfindən yerli və milli imkanlarla hazırlanıb. Türkiyə Silahlı Qüvvələrinin inventarına 2018-ci ildə daxil olan KARGU TSQ başda olmaqla Türkiyədə müxtəlif təhlükəsizlik qüvvələri tərəfindən terrorla mübarizə, xüsusi əməliyyatlar və sərhədyanı əməliyyatlarda effektiv şəkildə istifadə olunur. İstifadəçi heyət sahədəki ani vəziyyətə uyğun olaraq KARGU-dan piyada əleyhinə sursat başlığını çıxarıb zirehdələn başlığı sürətlə dəyişə bilir. Düşmən bölgəsində aşkarlanması çətin olan KARGU aşağı radar əks sahəsi xüsusiyyəti ilə bir əsgər tərəfindən asanlıqla daşınıb tapşırıq sahəsində 1 dəqiqə ərzində qurula bilir.

KARGU üzərindəki süni zəka və görüntü emalı qabiliyyətləri, səssizliyi, daşıdığı partlayıcını hədəfə dəqiq çatdırmaq bacarığı ilə mühüm sürpriz effekti və əməliyyat üstünlüyü təmin edir. KARGU sahib olduğu qabaqcıl elektro-optik və infraqırmızı kameralarla gecə-gündüz effektiv əməliyyat apara bilir. 30 dəqiqədən çox havada qala bilən KARGU-nun mənzili 10 km-dir. KARGU-lar sürü şəklində də tapşırıq yerinə yetirə bilir. Bundan əlavə, STM-nin hazırladığı proqramlarla KARGU radioelektron mübarizə mühitindən təsirlənmədən GNSS-dən asılı olmadan tapşırıq yerinə yetirə bilir.

Sevinc Əliyeva
Ordu.az

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır


Teqlər: STM   KARGU   Türkiyə  


Bizi "telegram"da izləyin