Ermənistanda keçirilən ikiqat Avropa sammiti strateji əhəmiyyətli Cənubi Qafqaz regionunda qlobal güclər arasında təsir uğrunda mübarizənin kəskinləşdiyini göstərir.
Ordu.az xəbər verir ki, bu barədə “Bloomberg” nəşri yazır.
“Ermənistan və Azərbaycan arasında uzun illər davam edən münaqişənin sona çatması Avropa ilə Asiyanı birləşdirən dar quru dəhlizindən keçən enerji və ticarət marşrutları üzərində üstünlük uğrunda rəqabətin güclənməsinə səbəb olur. Yaxın Şərqdə və Ukraynada müharibələr Qafqazın əhəmiyyətini artırır, çünki şimal və cənub istiqamətli marşrutlar münaqişələr, sanksiyalar və geosiyasi gərginlik səbəbindən məhdudlaşır.
Regionda uzun müddət dominant qüvvə olan Rusiya artıq artan rəqabətlə üzləşir, belə ki, ABŞ Prezidenti Donald Tramp Ermənistan vasitəsilə yeni nəqliyyat-enerji dəhlizi layihəsini irəli sürür, eyni zamanda Türkiyə, Avropa İttifaqı və Çin də bölgədəki fəallığını artırır. Cənubi Qafqaza ABŞ-nin hazırkı marağı misilsizdir və müəyyən mənada Kremlin Azərbaycan və Ermənistandakı maraqlarını artıq pozub”, - deyə Londonun PRISM Strategic Intelligence” şirkətinin tərəfdaşı Keyt Mallinson bildirib.
“Vaşinqtonun yanaşması Cənubi Qafqaz ölkələrinin iqtisadi inteqrasiyasını təşviq etmək və bu əlaqələri Türkiyə və Mərkəzi Asiyanı da əhatə edəcək şəkildə genişləndirməkdir”, - deyə o əlavə edib.
Qafqazda sülh yeni ticarət marşrutunun açılmasına səbəb ola bilər
Nəşr qeyd edib ki, ABŞ TRIPP dəhlizinin (Zəngəzur dəhlizi-red.) inkişafı üzrə müstəsna hüquqlar əldə edib.
“48 ölkənin lideri Ermənistanın paytaxtı İrəvanda keçiriləcək Avropa Siyasi Birliyi toplantısına dəvət olunub. Onlar iqtisadi və enerji təhlükəsizliyi, həmçinin “demokratik sabitlik” və hibrid təhdidlər məsələlərini müzakirə ediblər.
Kanadanın baş naziri Mark Karni Avropa regionundan kənar ilk dövlət başçısı kimi bu illik toplantıda iştirak edib ki, bu da Donald Tramp dövründə ABŞ ilə onun ənənəvi müttəfiqləri arasında gərginliyin mövcud olduğunu göstərir. Tədbirdə NATO-nun baş katibi Mark Rutte də iştirak edib.
Növbəti gün Avropa İttifaqı ilə Ermənistan arasında tarixdə ilk sammit keçiriləcək və bu görüş ikitərəfli əlaqələrin gücləndirilməsinə yönələcək. Ötən il İrəvan hökuməti Azərbaycanla Qarabağ ətrafında toqquşmalar zamanı Rusiyanın Ermənistanı qoruya bilməməsindən narazılıq fonunda Aİ-yə üzvlük niyyətini açıqlamışdı”, - deyə müəllif bildirib.
Brüsseldə yüksək vəzifəli bir rəsminin sözlərinə görə, Aİ Ermənistanla əlaqələndirmə tərəfdaşlığı (connectivity partnership) üzrə razılaşma imzalamağı, o cümlədən 2,5 milyard avroya qədər maliyyə paketi təqdim etməyi planlaşdırır.
“Məqsəd nəqliyyat, enerji və rəqəmsal əlaqələri dəstəkləmək, eyni zamanda Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanması və Türkiyə ilə münasibətlərin normallaşması fonunda regional sərhədlərin açılmasına töhfə verməkdir.
Brüssel Ermənistanla təhlükəsizlik sahəsində əməkdaşlığı gücləndirməyi planlaşdırır. Bu çərçivədə, yeni mülki missiya vasitəsilə kiberhücumlar və dezinformasiyaya qarşı mübarizə üzrə məsləhətlərin verilməsi, həmçinin qarşıdan gələn siyasi proseslər fonunda dəstək göstərilməsi nəzərdə tutulur.
Dərin iqtisadi maraq
ABŞ-nin dəstəyi ilə yaradılan “Beynəlxalq sülh və rifah üçün Tramp marşrutu” (TRIPP) layihəsi ötən ilin avqustunda prezident Donald Trampın Ağ Evdə Ermənistanın baş naziri Nikol Paşinyan və Azərbaycanın Prezidenti İlham Əliyevlə keçirdiyi danışıqlardan sonra gündəmə gəlib.
Layihə ABŞ-yə regionda 99 il müddətinə iqtisadi hüquqlar verir və Ermənistanın cənubundan keçən, Azərbaycanı onun Naxçıvan eksklavı ilə birləşdirən dəmir yolu və avtomobil marşrutunun idarə olunmasını nəzərdə tutur. Razılaşma həmçinin neft və qaz kəmərlərinin, eləcə də rəqəmsal infrastruktur üçün fiber-optik şəbəkələrin inkişafını əhatə edir.
İranda müharibə səbəbindən Fars körfəzində ticarətin pozulması bu marşrutun strateji əhəmiyyətini daha da artırır”, - deyə məqalədə vurğulanıb.
Nəşr bildirib ki, Türkiyə də Ermənistanla sərhədləri açmağa yaxındır.
“Bu sərhəd 1993-cü ildə Azərbaycanla həmrəylik məqsədilə bağlanmışdı. Hər iki ölkə arasında diplomatik münasibətlərin olmamasına baxmayaraq, artıq hava əlaqəsi mövcuddur.
Ermənistan hazırda Moskvanın rəhbərlik etdiyi Avrasiya İqtisadi İttifaqının üzvü olsa da, Avropa İttifaqı və ABŞ-yə doğru yönəlir. Bununla yanaşı, ölkədə Rusiyanın Cənubi Qafqazdakı yeganə hərbi bazası yerləşir.
Rusiya prezidenti Vladimir Putin aprelin 1-də Nikol Paşinyanla danışıqlar zamanı açıq şəkildə narazılığını ifadə edib və Ermənistanın Rusiyadan ucuz qaz asılılığını vurğulayıb. “Avropa İttifaqı ilə eyni vaxtda həm Gömrük İttifaqında, həm də Avrasiya İqtisadi Birliyində üzvlük mümkün deyil”, - deyə Putin bildirib.
Bu, Rusiyanın Ermənistan ünvanına ilk dəfə belə açıq siqnallar verməsi kimi qiymətləndirilir. Ekspertlərə görə, Moskva “qırmızı xətlər” olduğunu göstərməyə çalışır və onların aşılması nəticələr doğura bilər. Bu səbəbdən Ermənistan ehtiyatlı davranmağa çalışır. Məlumata görə, İrəvan hökuməti Aİ ilə sammitin yekun sənədindən sanksiyaların pozulması ilə bağlı hissənin çıxarılmasını xahiş edib, lakin Aİ bundan imtina edib.
Dönüş nöqtəsi
Qonşu Gürcüstan nümunə kimi göstərilir. Onun Aİ-yə üzvlük prosesi 2024-cü ildə qəbul edilən “xarici agentlər” qanunundan sonra dayanıb. Aİ ilə Ermənistan arasında danışıqlar ötən ilin aprelində Mərkəzi Asiyanın beş ölkəsi ilə keçirilən sammitdən sonra davam etdirilir. Bu çərçivədə nəqliyyat, strateji xammal və enerji sahələrinə yönəlmiş 12 milyard avroluq investisiya proqramı imzalanıb”, - deyə məqalədə vurğulanıb.
Nəşr yazıb ki, noyabrda Donald Tramp Mərkəzi Asiya liderlərini Ağ Evdə qəbul edib, bundan əvvəl isə Vladimir Putin onları Tacikistanda görüşə çağırmışdı.
“Çin prezidenti Si Cinpin isə Qazaxıstanda keçirilən sammitdə iştirak edərək “Bir kəmər, bir yol” təşəbbüsü çərçivəsində investisiyaları müzakirə edib. TRIPP dəhlizi Azərbaycan üzərindən Mərkəzi Asiya və Çinə uzanan Transxəzər marşrutu ilə, həmçinin Türkiyə vasitəsilə Avropaya gedən yollarla birləşdiriləcək.
Yanvarda Nikol Paşinyan bu layihəni Ermənistan üçün “tarixi və dönüş nöqtəsi” adlandırıb. Ekspertlər hesab edir ki, ABŞ-nin Ermənistandakı iştirakı təhlükəsizlik baxımından “siyasi lövbərlənmə” kimi qiymətləndirilir. Azərbaycan Prezidenti İlham Əliyev də bildirib ki, bu layihə Çin və Avropa arasında ticarət və nəqliyyat üçün tamamilə yeni vəziyyət yaradacaq.
Bununla belə, ekspertlər hesab edir ki, Rusiyanın regiondakı təsiri hələ də qalır və tam zəiflədiyini demək tezdir. Eyni zamanda, ABŞ region ölkələri üçün alternativ iqtisadi tərəfdaşlar axtarmağa stimul yaradır, çünki Rusiya getdikcə daha az etibarlı tərəfdaş kimi qiymətləndirilir”, - deyə “Bloomberg” qeyd edib.
Alpər Mövludoğlu
Ordu.az